Voleybol matçlarını izləyənlərin diqqətini ən çox çəkən məqamlardan biri də budur. Xüsusilə qadın voleybolunda uğurlu epizoddan, blokdan və ya xal qazandıqdan sonra komanda yoldaşlarının bir-birlərinin yançağına və omba nahiyəsinə yüngülcə vurduğunu görmək mümkündür. Bu görüntülər bəzən sosial şəbəkələrdə zarafat mövzusuna çevrilir və “Niyə bunu edirlər?” sualı tez-tez verilir. Halbuki bunun arxasında idman psixologiyası və komanda mədəniyyəti dayanır.
Əvvəla qeyd etmək lazımdır ki, bu hərəkət yalnız qadın voleyboluna aid deyil. Kişi voleybolçular da, basketbolçular, reqbi oyunçuları, hətta bəzi futbolçular da komanda yoldaşlarını eyni formada ruhlandırırlar. Bu, idman dilində “pozitiv fiziki təmas” hesab olunur və komanda daxilində dəstək, motivasiya və birlik hissini gücləndirən jestlərdən biridir.
Voleybolda oyun çox sürətlə dəyişir. Bir neçə saniyə ərzində hücum, müdafiə, blok və əks-hücum baş verir. Futbol kimi uzun fasilələr olmadığı üçün komanda yoldaşları bir-birlərinə uzun-uzadı nəsə izah edə bilmirlər. Buna görə də qısa toxunuşlar, əl çırpmaları, çiyinə vurmaq və ya omba nahiyəsinə yüngül toxunuş komanda daxilində “əla idi”, “davam et”, “səninləyik” mesajını verməyin ən sürətli yollarından biridir.
Bəs niyə məhz omba nahiyəsinə?
Səbəb tamamilə praktikdir. Voleybolçuların əlləri çox vaxt yuxarıda olur, bəzən top oyundadır, bəzən isə oyunçu dönüb başqa istiqamətə qaçır. Belə vəziyyətdə kürəyə və ya çiyinə toxunmaq hər zaman mümkün olmur. Omba nahiyəsi isə həm rahat əl çatan, həm də idman baxımından təhlükəsiz sayılan nöqtələrdən biridir. Bu toxunuşun məqsədi heç vaxt seksual məna daşımır.
İdman psixoloqları hesab edirlər ki, komanda yoldaşları arasında müsbət fiziki təmas kortizolun (stress hormonunun) azalmasına, özünəinamın yüksəlməsinə və komanda bağlılığının güclənməsinə kömək edə bilər. Xüsusilə yüksək gərginlikli matçlarda belə kiçik jestlər oyunçunun özünü tək hiss etməsinin qarşısını alır.
Məşqçilər də bu davranışı çox vaxt dəstəkləyir və çox zaman istiafdə edirlər. Çünki voleybolda psixoloji vəziyyət nəticəyə ciddi təsir göstərir. Bir uğursuz qəbul və ya bir səhv servis oyunçunun ritmini poza bilər. Komanda yoldaşının sadə toxunuşu isə “narahat olma, davam et” mesajını verir və oyunçunun özünəinamını bərpa edə bilir.
Maraqlıdır ki, bu ənənə yalnız peşəkar voleybolda deyil, məktəb və universitet komandalarında da geniş yayılıb. Uzun illərdir formalaşan komanda mədəniyyətinin bir hissəsi hesab olunur. ABŞ, Braziliya, İtaliya, Türkiyə və Yaponiya kimi voleybol ölkələrinin demək olar ki, bütün komandalarında buna rast gəlmək mümkündür.
Bəzən bu görüntülər sosial şəbəkələrdə kontekstdən çıxarılaraq fərqli formada təqdim edilir. Lakin idman mühitində olan insanlar bunu tamamilə adi və peşəkar davranış kimi qəbul edirlər. Onlar üçün bu, əl sıxmaq, yumruq vurmaq (fist bump) və ya çiyinə toxunmaq qədər normal bir jestdir.





