7656h890

Azərbaycanda elçilik söhbətlərində adətən eyni suallar verilir: Harada işləyir? Maaşı nə qədərdir? Ev-eşiyi varmı? Ailəsi necə ailədir?

Amma son illərdə bu siyahıya əlavə olunmalı daha bir vacib sual yaranıb:

“Bu adamın qumar asılılığı varmı?”

Çünki bu gün bir insanın bank hesabını boşaltmaq üçün kazinoya getməsinə ehtiyac yoxdur. Bir smartfon, bir bank kartı və internet kifayətdir. Elə buna görə də bir çox ailələr toy etdikdən aylar sonra oğullarının deyil, kürəkənlərinin gizli həyatını öyrənirlər.

Bəs bunu əvvəlcədən necə anlamaq olar?

Ən böyük səhv – birbaşa soruşmaq

“Qumar oynayırsan?”

Bu sualın cavabı demək olar ki, həmişə “Yox” olacaq. Asılılığı olan insan bunu etiraf etməyə hazır olmur. Çünki bilir ki, bu cavab evliliyi təhlükəyə ata bilər. Ona görə də birbaşa sual verməkdənsə, davranışlara diqqət yetirmək daha vacibdir.

Telefonu həmişə gizlədirsə…

Telefonunu stolun üstünə ekranı aşağı qoyursa…

Hamam otağına belə özü ilə aparırsa…

Mesaj gələndə narahat olursa…

Bank tətbiqlərini sizə göstərmək istəmirsə…

Bu, avtomatik olaraq qumar oynadığı anlamına gəlmir. Amma gizlətməyə çalışdığı başqa bir həyatının olduğunu göstərə bilər. Xüsusilə tanışlığın ilk aylarında telefonla bağlı həddindən artıq gizlilik diqqətdən qaçmamalıdır.

Pulu hara xərclədiyini izah edə bilmirsə…

Ən təhlükəli əlamətlərdən biri budur.

Yaxşı maaş alır.

Amma nə evi var…

Nə yığımı…

Nə də pulunun hara getdiyini normal izah edə bilir.

“Xərclənir də…”

“Həyat bahadır…”

“Dostlarla olur…”

kimi qeyri-müəyyən cavablar verirsə, bu məsələni ciddi araşdırmağa dəyər. Çünki qumar oynayan insanların böyük hissəsi konkret maliyyə izahı verməkdə çətinlik çəkir.

Borc almağı adətə çeviribsə…

Bir dəfə borc almaq normaldır.

İki dəfə də ola bilər.

Amma müxtəlif dostlardan, qohumlardan, iş yoldaşlarından tez-tez borc alan insan barədə düşünmək lazımdır. Daha maraqlısı isə budur ki, həmin borcların nəyə xərcləndiyini heç kim bilmir. Azərbaycanda qumar asılılığı olan insanların bir hissəsi əvvəlcə yaxın çevrədən borc alır. Daha sonra kredit kartlarına, ondan sonra isə onlayn kreditlərə üz tutur.

Həmişə “bəxt”, “şans”, “risk” sözlərini işlədirmi?

Söhbət əsnasında belə cümlələrə diqqət edin:

“Risk etməyən qazanmır.”

“Bir dəfə tutsa, həyat dəyişər.”

“Pul pul gətirir.”

“Bəxt adamın üzünə bir dəfə gülür.”

“Bəxtim yoxdur”

Əlbəttə, bu cümlələri işlədən hər kəs qumarbaz deyil. Amma söhbətlərin böyük hissəsi daim asan pul qazanmaq üzərində qurulursa, bu artıq siqnaldır.

İdman mərclərinə münasibətini öyrənin

Bir çox oğlan deyəcək:

“Arada 5-10 manatlıq oynayıram.”

Burada əsas məsələ məbləğ deyil.

Bu sualları verin:

– Uduzanda dayanırsan?

– Mərc üçün borc almısan?

– Maaşından artıq pul qoymusan?

– Bir gündə neçə dəfə kupon yazırsan?

Sağlam düşünən insan “uduzdum, vəssalam” deyəcək.

Asılı insan isə adətən belə cavab verir:

“Pul qoymuşam, amma sonra çıxarmışam”.

Məhz bu “çıxarmaq” sözü qumar psixologiyasının ən təhlükəli hissəsidir. Bu o deməkdir ki, o hələ də oynayaraq uduzduqlarını geri qaytara biləcəyinə inanır və beyinində hələ də oynayacağına əmindir.

Dostları barədə maraqlanın

İnsan çox vaxt ən yaxın çevrəsinə bənzəyir.

Əgər dostlarının əsas mövzusu futbol və mərcdirsə…

Həmişə hansı kuponun tutduğunu danışırlarsa…

Birlikdə çayxana və kafelərdə canlı oyunlar izləyirlərsə…

Bu mühit zamanla həmin insana da təsir edir.

Ailəsinə diqqət edin

Bu hissə çox vacibdir.

Valideynlərinə münasibəti necədir?

Maaş alanda evə kömək edirmi?

Borclarını vaxtında ödəyirmi?

Krediti varmı? Varsa nə qədərdir?

Məsuliyyət hissi varmı?

Qumar asılılığı olan insanların əhəmiyyətli hissəsində maliyyə intizamı zaman keçdikcə zəifləyir. Bu, evlilikdən əvvəl də kiçik detallarda hiss olunur.

Ən vacib test

Bir gün ona belə deyin:

“Toydan sonra bütün gəlirimiz ailə büdcəsinə gedəcək. Maliyyə planını birlikdə quracağıq”. Bu cümləyə reaksiyası çox şeyi göstərə bilər.

Əgər narahat olursa…

Söhbəti dəyişirsə…

Mövzudan yayınırsa…

Pul məsələsində həddindən artıq aqressivləşirsə…

Bunun səbəbini öyrənmək lazımdır. Çünki qumar asılılığı olan insanın ən çox qorxduğu şeylərdən biri maliyyə şəffaflığıdır.

Bəs bunların hamısı varsa, mütləq qumarbazdır?

Xeyr.

Bu əlamətlərin hər biri başqa səbəblərdən də yarana bilər. Məsələn, insanın şəxsi məxfiliyə həssas yanaşması, borclarının biznes və ya ailə problemlərindən qaynaqlanması mümkündür. Buna görə yalnız bir əlamətə əsasən hökm vermək düzgün deyil.

Amma bir neçə əlamət eyni anda görünürsə, “toy olandan sonra düzələr” düşüncəsi ilə özünüzü aldatmayın. Asılılıqlar nikah şəhadətnaməsini görəndə yox olmur.

Bəzən insanlar yaxşı həyat yoldaşı axtararkən maşına, evə, qızıl dəstinə və toy salonuna saatlarla vaxt sərf edirlər. Halbuki evliliyin taleyini bunlar deyil, görünməyən vərdişlər həll edir. Əgər bir insan pulunu idarə edə bilmirsə, sabah ailəsini də idarə etməkdə çətinlik çəkəcək. Toy tarixini dəyişmək mümkündür, amma yanlış insanla qurulan həyatı dəyişmək bəzən illər, bəzən isə bir ömür aparır.

Bunlar da maraqlıdır

Hansı çempionatlarda az qol vurulur?
Futbol dünyanın hər yerində eyni qaydalarla oynanılır, lakin hər ölkənin...
Sevgilin niyə birdən-birə hər şeydən bezmiş kimi...
Bəzən qızlarımız görür ki, əvvəllər plan quran, maraqlanan, gələcəkdən danışan...
Sevgilin maaş alan kimi yenə pulsuz qalırsa,...
Bir insan maaş alan kimi qısa müddətdə yenə pulsuz qalırsa,...