987678

Qadın basketbolunu yaxından izləməyənlər belə son illərdə onun simasını sosial şəbəkələrdə görmüş ola bilərlər. Sarışın saçları, meydanda rəqibdən çəkinməyən davranışı, komanda yoldaşını müdafiə etmək üçün mübahisənin içinə girməsi, tribunaya və kameralara verdiyi emosional reaksiyalar Sofi Kanninqemi WNBA-nın ən çox danışılan simalarından birinə çevirib.

Sofi Kanninqem (Sophie Cunningham) 16 avqust 1996-cı ildə ABŞ-ın Missuri ştatının Kolumbiya şəhərində anadan olub. 2026-cı ilin avqustunda 30 yaşı tamam olan basketbolçunun boyu 1,85 metrdir. Hazırda WNBA-da “Indiana Fever”in 8 nömrəli müdafiəçisidir. Rəsmi WNBA profilində 2026-cı mövsüm üzrə orta göstəriciləri 8,3 xal, 2,3 ribaund və 1,3 məhsuldar ötürmə kimi göstərilir.

Ancaq Kanninqemi maraqlı edən təkcə statistikası deyil. Əslində o, WNBA-nın ən böyük superulduzlarından biri səviyyəsində xal toplamasa da, şəxsiyyəti, aqressiv oyun tərzi, geyimləri, sosial media fəaliyyəti və açıq danışığı ilə liqanın ən tanınan qadınlarından birinə çevrilib.

Atası futbolçu, anası atlet, bacısı basketbolçu olub

Sofinin idmanla əlaqəsi təsadüfi deyil. O, sözün əsl mənasında idmançı ailəsində böyüyüb. Atası Cim Kanninqem Missuri Universitetində Amerika futbolu oynayıb, anası Paula isə həmin universitetdə atletika ilə məşğul olub. Böyük bacısı Lindsi Kanninqem də basketbol oynayaraq Missuri Universitetinin komandasına qədər yüksəlib. Ailənin xalası, dayısı və hətta babası da müxtəlif idman növlərində Missurini təmsil ediblər.

Sofi uşaqlıqdan yalnız basketbolla kifayətlənməyib. Futbol, voleybol və atletika ilə məşğul olub, at sürməyi sevib. Daha maraqlısı isə odur ki, cəmi altı yaşında taekvondo üzrə qara kəmər alıb. Məktəb illərində oğlanların Amerika futbolu komandasında zərbəçi – “kicker” kimi də meydana çıxıb və məktəb tarixində həmin komandada xal qazanan ilk qız olub.

Onun indiki sərt basketbol üslubuna baxanda uşaqlıq illərinin izi hiss olunur. Sofi çox vaxt özündən böyük uşaqlarla, hətta oğlanlarla yarışıb. Missuri Universitetinin onun haqqında hazırladığı materiallarda anası Paula qızının hələ beş yaşında özündən böyüklərlə oynadığını və həddindən artıq mübariz olduğuna görə bəzi valideynlərin narazılıq etdiyini xatırladır.

Ailənin ferması isə onun üçün başqa bir dünya olub. Sofi uşaqlıqdan at sürüb, açıq havada vaxt keçirib. ESPN-ə danışarkən babasıgilin fermasında meşələrin və çayların arasından atla gəzməyin ona sakitlik verdiyini söyləmişdi.

Yəni bu gün parketdə rəqibin üstünə gedən Kanninqemin arxasında həm basketbol zalı, həm Amerika futbolu meydançası, həm taekvondo, həm də Missuri fermasında keçən uşaqlıq dayanır.

Missurinin əfsanəsinə necə çevrildi?

Sofi doğma şəhərini tərk edib daha məşhur universitetlərdən birinə getmək imkanına malik idi. ABŞ-ın ən güclü basketbol proqramlarından təkliflər alsa da, Missuridə qalmağı seçdi.

Və bu qərar universitet tarixini dəyişdirdi.

2015–2019-cu illərdə Missouri Tigers formasını geyinən Kanninqem universitet karyerasını 2187 xalla proqram tarixinin ən məhsuldar qadın basketbolçusu kimi başa vurdu. O, 537 dəqiq cərimə atışı ilə də məktəb rekorduna sahib oldu. Komanda onun dövründə ardıcıl dörd il NCAA turnirinə vəsiqə qazandı. 2019-cu ildə isə All-America üçüncü komandasına seçildi. 2025-ci ildə Sofi Kanninqem Missuri Universitetinin İdman Şöhrət Zalına daxil edildi.

Maraqlıdır ki, universitetdə ilk oyunundaca 42 xal toplamışdı. Yəni Kanninqem Missuriyə tədricən uyğunlaşan oyunçu olmadı – qapını açıb elə ilk gündən “mən buradayam” dedi.

WNBA yolu: Feniksdən İndianaya

2019-cu il WNBA draftında “Phoenix Mercury” Sofini ikinci raundun 13-cü ümumi seçimi ilə götürdü. O, altı mövsüm Feniksdə oynadı və 182 matçla klub tarixində ən çox meydana çıxan basketbolçulardan biri oldu. Peşəkar karyerasında Avstraliyanın “Melbourne Boomers” klubunda da çıxış edib.

2025-ci ilin əvvəlində dörd komandanın iştirak etdiyi böyük treyd nəticəsində “Indiana Fever”ə keçməsi isə onun karyerasında dönüş nöqtəsinə çevrildi. Burada artıq komandanın mərkəzində dünyanın ən məşhur qadın basketbolçularından birinə çevrilən Keytlin Klark vardı.

Kanninqem 2025-ci ildə “Indiana” üçün 30 oyunda orta hesabla 8,6 xal və 3,5 ribaund topladı. Üçxallıq atışların 43,2 faizini dəqiq yerinə yetirdi ki, bu da həmin mövsüm liqanın ən yaxşı göstəricilərindən biri idi. Komanda həm də WNBA Commissioner’s Cup-ı qazandı. Lakin avqustda sağ dizinin medial kollateral bağını – MCL-i cırması onun mövsümünü vaxtından əvvəl bitirdi.

2026-cı ildə isə geri qayıtdı. “Indiana Fever” onunla birillik müqavilə imzaladı. ESPN müqavilənin dəyərini 665 min dollar göstərirdi. Kanninqem sonradan bildirdi ki, narazılığı puldan yox, müqavilənin cəmi bir il olmasından qaynaqlanıb: o, İndianada daha uzun müddət qalmaq və həyatını burada qurmaq istəyirdi.

Hətta məsələni özünəməxsus şəkildə izah etmişdi – daha sabit müqaviləsi olsaydı, İndianada ev alıb iti və eşşəklərini də özü ilə gətirmək istəyirdi.

Keytlin Klarkın “cangüdəni” adlandırılmasının səbəbi

Kanninqemin populyarlığını partladan əsas hadisələrdən biri 17 iyun 2025-ci ildə “Connecticut Sun”la qarşılaşmada baş verdi.

Matç ərzində Keytlin Klarkla rəqib basketbolçular arasında gərginlik yaranmışdı. Oyunun sonlarında Sofi rəqib oyunçu Ceysi Şeldona sərt qayda pozuntusu etdi və hər iki basketbolçu meydandan qovuldu. Hadisədən sonra sosial şəbəkələrdə Kanninqem Klarkın “enforcer”i, yəni meydandakı sərt qoruyucusu kimi təqdim olunmağa başladı.

Bu reputasiya 2026-cı ildə də davam etdi.

“Phoenix Mercury” ilə oyunda Keytlin Klarkla DeVanna Bonner arasında mübahisə yarananda Sofi yenə məsələyə qarışdı. Bonnerə barmağını uzadaraq düz 22 saniyə ona baxması sosial şəbəkələrdə böyük mem dalğası yaratdı. AP həmin vaxt Kanninqemin Instagram izləyicilərinin təxminən 1,5 milyona çatdığını yazırdı.

Kanninqem sonradan öz podkastında bunu böyük taktiki plan kimi yox, daha sadə şəkildə izah etdi: Bonner onun barmaqla göstərməsindən əsəbiləşəndə Sofi məhz onu daha da qıcıqlandırmaq üçün barmağını çəkməyib. Hadisənin komik tərəfi də bu idi – özü demək olar heç nə danışmadan 22 saniyə barmağını qarşı tərəfə tuşlamışdı.

Beləcə əvvəllər basketbol həvəskarlarının tanıdığı Sofi Kanninqem internet mədəniyyətinin də məşhur simasına çevrildi.

Basketbolçu ikən “Sports Illustrated” modeli oldu

Kanninqemin meydandan kənardakı populyarlığı 2026-cı ildə daha bir mərhələyə keçdi.

O, “Sports Illustrated Swimsuit” jurnalının 2026 buraxılışında çəkildi. Sofi ilə yanaşı WNBA ulduzu Nafeesa Kollier və amerikalı Olimpiya çempionu Melissa Cefferson-Vuden də layihədə iştirak etdilər. Çəkiliş Florida ştatının Captiva adasında həyata keçirildi.

Kanninqem bunun onun ilk belə böyük fotosessiyası olduğunu gizlətməyib. O, çəkilişi qadın kimi özünəinam və güc hissi ilə əlaqələndirərək meydanda güclü olmağın qadının başqa tərəflərini göstərməsinə mane olmadığını söyləyib.

Bu detal onun obrazını yaxşı izah edir. Meydanda rəqiblə toqquşmaqdan çəkinməyən basketbolçu ertəsi gün dəbli geyimdə arena dəhlizində görünə, jurnal üçün model ola, daha sonra mikrofon qarşısına keçib şəxsi münasibətlərdən danışa bilir.

2026-cı ildə o, eyni zamanda USA Network-un WNBA yayımlarında analitik və ekspert kimi fəaliyyət göstərməyə başlayıb.

Sofi Kanninqemin sevgilisi varmı?

Sofinin şəxsi həyatı onun haqqında ən çox axtarılan mövzulardan biridir.

2026-cı ilin yayında Kanninqem özü subay olduğunu təsdiqləyib. Sentyabrda münasibətlərdən danışarkən maraqlı etiraf da edib: zahirdən çox özünəinamlı görünməsinə baxmayaraq, kişilərin ona yaxınlaşmaqdan çəkindiyini və əslində çox görüşə getmədiyini deyib.

Keçmişdə onun Jakob Neydiqlə münasibətdə olduğu barədə məlumatlar yayılıb. 2020-ci ildə Kanninqemin sosial şəbəkədə formasını geyinmiş sevgilisinin fotosunu paylaşaraq onu “boyfriend” adlandırdığı paylaşım da mövcuddur. Sonradan münasibət barədə ictimai məlumat demək olar dayanıb və ayrılığın səbəbi açıqlanmayıb.

2026-cı ildə isə adı “Grand Canyon University”nin atletik məşqçisi Frenk Adamsla yanaşı çəkilib. Onların bir neçə tədbirdə birlikdə görünməsi münasibət şayiələrini gücləndirsə də, nə Kanninqem, nə də Adams sevgili olduqlarını ictimai şəkildə təsdiqləyiblər. Buna görə bunu fakt kimi təqdim etmək olmaz.

Bəs necə kişi istəyir?

Bu mövzuda Sofinin özü daha açıq danışır.

1,85 metr boyu olan basketbolçu özündən qısa kişi ilə münasibət qurmağın ona uyğun olmadığını söyləyib. Səbəbini də çox sadə izah edib: yanında özünü fiziki olaraq daha kiçik hiss etdirəcək hündür kişi istəyir.

Amma boy onun üçün əsas şərt deyil.

Kanninqem gələcək həyat yoldaşında ən vacib xüsusiyyətin xristian inancı olduğunu söyləyib. Öz sözlərinə görə, gələcək ərinin onu Allaha daha da yaxınlaşdırmasını, ailəyə mənəvi baxımdan rəhbərlik etməsini və gələcək uşaqlarını da həmin dəyərlərlə böyütməsini istəyir. O, gənclik və universitet dövründə əyləncəli həyat yaşadığını, kişilərlə münasibətlərinin olduğunu da gizlətməyib, lakin indiki mərhələdə prioritetlərinin dəyişdiyini deyib.

Bu baxımdan Kanninqemin meydandakı obrazı ilə şəxsi həyatda arzuladığı model arasında maraqlı kontrast yaranır. Meydanda heç kimin arxasında gizlənməyən, milyonlarla dollar qazanan, sərt danışan və öz qərarlarını özü verən qadın gələcək ailəsində güclü, məsuliyyət daşıyan və ailəyə istiqamət verə bilən kişi istədiyini açıq şəkildə deyir.

Şöhrətin qaranlıq tərəfi: onu izləyən şəxs həbs olundu

Populyarlığın Kanninqem üçün çox ağır tərəfi də üzə çıxıb.

2026-cı ilin iyununda İndiana sakini Kevin Sinq Sofi Kanninqemi izləmək, hədələmək və ona təqib xarakterli mesajlar göndərməkdə ittiham edilərək həbs edildi. Prokurorluğun məlumatına görə, həmin şəxs Kanninqemə sosial şəbəkələrdə təhdid və seksual xarakterli mesajlar göndərib, hətta əvvəlki il “Indiana Fever”in arenasına onun adına kişi ətri vurulmuş “Guns N’ Roses” köynəyi və məktub gətirmişdi.

Məhkəmə sənədlərində Kanninqemin bu hadisələrə görə evdən daha az çıxmağa başladığı və gecələr kabuslar gördüyü bildirilirdi. Komanda həmin şəxsə əlaqəni dayandırmaq barədə rəsmi xəbərdarlıq göndərdikdən sonra belə mesajların davam etdiyi iddia olunurdu.

Bu hadisə onun sosial şəbəkələrdə qazandığı milyonlarla izləyicinin yalnız reklam və şöhrət demək olmadığını da göstərdi.

Açıq danışması ona həm tərəfdar, həm də tənqidçi qazandırır

Kanninqem meydandan kənarda da fikirlərini gizlətməyi sevən idmançı deyil. 2026-cı ildə transgender qadınların qadın idmanında iştirakı barədə danışaraq bioloji qadınların idman kateqoriyasının qorunmasını müdafiə etdiyini bildirib. Eyni zamanda bunun transgender insanlara nifrət etməsi kimi təqdim olunmasına etiraz edib və hər kəsə hörmətlə yanaşdığını söyləyib.

Bu mövqe ona ciddi tənqidlər də, dəstək də qazandırıb. “Indiana Fever” isə oyunçularının şəxsi fikirlərinin özlərinə aid olduğunu, klubun müxtəlif mənşəli azarkeşlərə hörmətlə yanaşdığını açıqlayıb.

Kanninqemin xarakterində dəyişməyən bir cəhət varsa, o da budur: başqalarının nə düşünəcəyini hesablayıb sonra danışan insan təsiri bağışlamır.

Basketboldan sonrakı həyatını indidən qurur

Sofi Kanninqem WNBA karyerasının sonsuz davam etməyəcəyini də yaxşı anlayır. Buna görə basketboldan qazandığı tanınmışlığı biznes və media imkanlarına çevirməyə başlayıb.

Uşaqlıq dostu və televiziya siması Vest Uilsonla birlikdə 2025-ci ildən “Show Me Something” podkastını aparır. Burada basketboldan münasibətlərə, geyimdən gündəlik həyata qədər müxtəlif mövzularda danışırlar.

Bundan başqa Kanninqem yeni beynəlxalq qadın basketbol layihəsi Project B-yə də qoşulub. Reuters-in 2026-cı ilin aprelində yaydığı məlumata görə, layihə oyunçulara iki milyon dollardan başlayan yüksək məbləğli müqavilələr, bonus və şirkətdə pay təklif etməyi planlaşdırır. Kanninqem qərarını yalnız basketbol yox, gələcək maliyyə təhlükəsizliyi ilə də əsaslandırıb.

Bu, onun haqda yaranmış “sadəcə Keytlin Klarkın davakar komanda yoldaşıdır” təsəvvürünü xeyli daraldır.

Sofi Kanninqem bir tərəfdən Missuri fermasında böyüyən, at sürməyi sevən qızdır; digər tərəfdən milyonluq müqaviləsi olan peşəkar idmançı, jurnal modeli, televiziya analitiki və podkast aparıcısıdır. Bir gün meydanda rəqiblə üz-üzə dayanıb geri çəkilmir, başqa gün gələcək ərinin özündən hündür olmasını və ailəsini inanc istiqamətində aparmasını istədiyini danışır.

Bəlkə də onun WNBA-da bu qədər diqqət çəkməsinin əsas səbəbi də budur: Sofi Kanninqem yalnız yaxşı üçxallıq atan basketbolçu deyil, meydandan kənarda da izlənəcək hekayəsi olan idmançıdır.

Bunlar da maraqlıdır

Belçika – İran oyununda qolsuz heç-heçə gözlənilən...
Belçika - İran matçının 0:0 bitməsi ilk baxışdan sensasiya kimi...
Niyə kişilər qadınlardan daha çox qumar oynayır?
Beynəlxalq tədqiqatlara əsasən, kişilərin 4,2%-i problemli qumarbaz kimi qeyd edilir,...
Komandalar ikinci heyətlə çıxanda bukmekerlər niyə yenə...
Mərc həvəskarlarının tez-tez verdiyi suallardan biri budur: Əgər favorit komanda...