759l098

Bəzən evdə hamı problemin olduğunu görür, yalnız bir nəfər görmür — yaxud görmək istəmir.

Siz onun gecələr telefonda saatlarla oynadığını, maaşdan sonra pulun necə yoxa çıxdığını, uduzandan sonra əsəbiləşdiyini, borcları gizlətdiyini və hər dəfə “sonuncu dəfə idi” dediyini görürsünüz. O isə sizə cavab verir:

“Məndə asılılıq yoxdur.”

“İstəsəm, sabah dayandıraram.”

“Psixoloqa dəli gedər.”

“Hamı oynayır, mən də arada oynayıram.”

Belə anda qadın özünü sanki bağlı qapının qarşısında hiss edir. Problemi anlayır, çıxış yolunu da təxmin edir, amma həmin qapının açarı onda deyil. Çünki asılılıqdan müalicə insanın əvəzinə görüləcək iş deyil. Siz onun yerinə seansa gedə, onun yerinə etiraf edə və onun yerinə dəyişə bilməzsiniz.

Amma bu, heç nə edə bilməyəcəyiniz anlamına gəlmir.

“Sən xəstəsən” deməklə onu müalicəyə aparmaq olmur

Asılılığı olan insanın ən həssas nöqtəsi utanmaqdır. O, daxilən vəziyyətin pis olduğunu anlasa belə, bunu qəbul etməyi zəiflik kimi görə bilər. Azərbaycanda psixoloqa getmək hələ də bəzi kişilər üçün “dəli olmaq”, “özünü idarə edə bilməmək” və ya “ailə sirrini yad adama danışmaq” kimi başa düşülür.

Əgər siz söhbətə belə başlasanız ki:

“Sən qumarbazsan.”

“Səndə ciddi problem var.”

“Ya psixoloqa gedirsən, ya da hər şey bitdi.”

o, dərhal müdafiəyə keçə bilər. Çünki artıq söhbəti müalicə kimi yox, hücum kimi qəbul edəcək.

Bunun əvəzinə davranışın nəticələrindən danışmaq daha təsirlidir:

“Son iki ayda ev üçün ayırdığımız pul üç dəfə oyuna gedib.”

“Uşağın ehtiyacına görə saxladığımız məbləğin başıan daş salmısan.”

“Gecələr oynayandan sonra səhər əsəbi və yorğun olursan.”

“Mən səninlə dava etmək istəmirəm, amma belə yaşamaqdan qorxuram.”

Bu cümlələr insanın xarakterinə yox, konkret hadisələrə toxunur. İnkardan çıxmaq üçün qarşısında ümumi ittiham yox, fakt görməlidir.

Psixoloq sözünü ilk gündən demək məcburi deyil

Bəzən “psixoloq” sözü özü müqavimət yaradır. O zaman giriş qapısını dəyişmək olar.

Məsələn:

“Gəl bir dəfə ailə büdcəsi və stress barədə mütəxəssislə danışaq.”

“Bu qədər gərginlik ikimizə də təsir edir, ailə məsləhətinə birlikdə gedək.”

“Bir dəfə görüşək, xoşuna gəlməsə, davam etməzsən.”

İlk məqsəd onu ömürlük müalicəyə razı salmaq deyil. Sadəcə bir görüşün mümkün olduğunu qəbul etdirməkdir. İnsan bəzən “müalicə” sözündən qaçır, amma “bir dəfə danışmaq” fikrinə daha az müqavimət göstərir.

Hətta ilk görüşə tək getmək də olar. Yoldaşınız gəlmirsə, siz asılılıq davranışları ilə işləyən psixoloqa müraciət edin. Bu, onun arxasınca şikayət etmək deyil. Siz həmin görüşdə onunla necə danışacağınızı, sərhədləri necə quracağınızı və hansı davranışların problemi daha da gücləndirdiyini öyrənə bilərsiniz.

Onun “dibə düşməsini” gözləməyin

Ailələr bəzən belə düşünürlər:

“Bir az da uduzsun, özü başa düşəcək.”

“Borc böyüsə, qorxub dayanar.”

“Həyat ona dərs verəcək.”

Təəssüf ki, qumar asılılığında hər itki insanı dayandırmır. Bəzən əksinə, “itirdiyimi geri qaytarmalıyam” düşüncəsini gücləndirir. Dünən yüz manat itirən adam sabah həmin pulu çıxarmaq üçün beş yüz manat riskə ata bilər.

Ona görə də ailənin məqsədi onun nə vaxtsa tam dağılmasını gözləmək yox, dağılmanın qarşısını almaq olmalıdır.

Borclarını hər dəfə ödəmək kömək deyil

Qadın çox vaxt ərini xilas etdiyini düşünür:

Qızılını satır.

Ailəsindən borc alır.

Krediti öz adına götürür.

Qohumlara başqa səbəb deyir.

Onun borclarını bağlayır.

Lakin bununla qumarın nəticəsini onun çiynindən götürmüş olur. O isə itkinin ağırlığını tam hiss etmir və yenidən oynamaq üçün özünə yol tapır.

Dəstək vermək başqa şeydir, nəticələri onun yerinə daşımaq başqa.

“Borcunu ödəyib səni bu vəziyyətdən çıxarmayacağam, amma müalicə almaqda yanında olacağam” cümləsi sərt səslənə bilər. Ancaq bu, həm sevgi, həm də sərhəddir.

Kiçik dəyişiklik təklif edin

O, psixoloqa getməyə hazır deyil, amma bəlkə aşağıdakı addımlardan birinə razı ola bilər:

– kazino və mərc tətbiqlərini silmək;
– hesablarını bağlamaq;
– bank kartında qumar əməliyyatlarını məhdudlaşdırmaq;
– maaşı ailə büdcəsinə açıq şəkildə daxil etmək;
– borcların tam siyahısını hazırlamaq;
– bir ay qumarsız qalmağa cəhd etmək;
– gündəlik xərcləri birlikdə izləmək.

Bu addımlar müalicəni əvəz etmir. Amma insanın problemini görməsinə və müqavimətinin azalmasına kömək edə bilər.

Əgər o, “bir ay oynamaram” deyir, amma bir neçə gün sonra gizlicə yenidən başlayırsa, bu da problemin iradə ilə həll olunmadığını göstərən konkret sübutdur.

Onu qorxutmaq yox, seçim qarşısında qoymaq lazımdır

Hədə çox vaxt işləmir:

“Bir də oynasan, boşanacağam.”

Əgər bu sözü deyib hər dəfə geri çəkilirsinizsə, onun təsiri azalır. Sərhəd yalnız yerinə yetirildikdə sərhəddir.

Daha aydın danışmaq olar:

“Mən bu şəkildə yaşamağa davam edə bilmirəm.”

“Müalicəyə başlamağa hazır olmasan, ailə büdcəmizi ayıracağam.”

“Uşağın puluna və mənim kartlarıma çıxışın olmayacaq.”

“Borclarını gizlətsən, onları ödəməyəcəyəm.”

“Psixoloji yardım almağa razılaşsan, bu prosesdə yanında olacağam.”

Burada məqsəd onu cəzalandırmaq deyil. Özünüzü və uşaqları qorumaqdır.

“Mən kişiyəm, özüm həll edərəm” deyirsə…

Bu cümlənin arxasında çox vaxt qürur deyil, qorxu dayanır. O, mütəxəssisin qarşısında zəif görünməkdən, idarəni itirdiyini etiraf etməkdən və ailəsinin onun haqqında nə düşünəcəyindən qorxa bilər.

Ona belə demək mümkündür:

“Psixoloqa getmək zəiflik deyil. Özün həll edə bilmədiyini qəbul edib yardım almaq məsuliyyətdir.”

“Biz sənin üstünə hökm vermək üçün yox, ailəmizi qorumaq üçün gedirik.”

“Bir görüşə gedək. Danışmaq istəmədiyin şeyi danışmaya bilərsən.”

Məcburiyyət əvəzinə seçim hissi vermək müqaviməti azalda bilər.

Bəzən əvvəlcə ailənin özü dəyişməlidir

Asılılığı olan insan ailədə hər şeyin əvvəlki kimi davam etdiyini görürsə, dəyişmək üçün təzyiq hiss etmir. Borcları bağlanır, yalanların üstü örtülür, qohumlara xəbər verilmir, evdə yenə yemək hazırlanır, həyat birtəhər davam edir.

Bu sistem dəyişməyəndə asılılıq da özünə yer tapır.

Siz əvvəlcə öz davranışınızı dəyişə bilərsiniz:

– yalanları gizlətməmək;
– borclarını ödəməmək;
– maliyyəni qorumaq;
– təkbaşına psixoloji yardım almaq;
– etibar etdiyiniz ailə üzvünə vəziyyəti danışmaq;
– təhlükə yaranarsa uşaqlarla birlikdə gedə biləcəyiniz yeri əvvəlcədən müəyyənləşdirmək.

Bəzən insan yalnız ailənin əvvəlki qaydalarla yaşamağa davam etməyəcəyini gördükdə problemini qəbul etməyə başlayır.

Aqressiya varsa, söhbətin qaydası dəyişir

Əgər qumar söhbəti açılanda sizi təhqir edir, əşyaları sındırır, pul verməyə məcbur edir, kartınızı əlindən alır və ya fiziki təhlükə yaradırsa, əsas məqsəd onu psixoloqa razı salmaq deyil.

Əvvəlcə təhlükəsizlik gəlir.

Sakit vaxtda sənədlərin surətini, vacib telefon nömrələrini və müəyyən məbləğdə pulu təhlükəsiz yerdə saxlayın. Etibar etdiyiniz bir nəfər vəziyyəti bilsin. Təhlükə realdırsa, tək qalaraq onu “sakitləşdirməyə” çalışmayın.

Siz də yardım almağa haqlısınız

Bir çox qadın düşünür ki, problem ərindədir, deməli psixoloqa yalnız o getməlidir. Halbuki asılılıq bir nəfərin davranışı olsa da, onun yaratdığı gərginlik bütün ailənin sinir sisteminə yayılır.

Siz də yorulursunuz.

Şübhələnirsiniz.

Telefon zəngindən diksinirsiniz.

Maaş günü sevinmək əvəzinə narahat olursunuz.

Gecə yatanda sabah hansı borcun ortaya çıxacağını düşünürsünüz.

Bütün bunlar üçün yardım almaq zəiflik deyil. Hətta yoldaşınız müalicədən imtina etsə belə, siz özünüz üçün psixoloqa gedə bilərsiniz. Bəzən ailədə dəyişiklik məhz problemi olan şəxsdən yox, artıq susmaq istəməyən həyat yoldaşından başlayır.

Onu qapıdan tutub psixoloqun otağına aparmaq mümkün deyil. Amma evdəki qaydaları dəyişmək, maliyyəni qorumaq, gizlətməyə son qoymaq və yardıma açıq olduğunuzu göstərmək mümkündür. Bir gün o qapını özü açmağa qərar verə bilər. Açmasa belə, siz bütün həyatınızı bağlı qapının qarşısında gözləməklə keçirməyə məcbur deyilsiniz.

Bunlar da maraqlıdır

Birinci hissədə əvəzetmə olarsa, bu nəyin göstəricisidir?
Futbol matçlarında birinci hissədə əvəzetmə nadir hallarda görülən taktiki qərarlardan...
Uduzanda şirkətin əməkdaşlarına qarğış etmək doğrudur?
"Uduzduğum pulları dərmanlarınıza verəsiniz!", "Balanızdan çəkəsiniz", "Haramınız olsun" - bu...
Münasibətdə hər şey yaxşı gedərkən oğlanın birdən...
Bəzən münasibətdə hər şey qaydasında olur. Oğlan diqqətlidir, yazır, maraqlanır,...