“Qızım, bəxtin üzünə gülüb. Oğlanın ailəsi çox imkanlıdır. Rayonda evləri var, Bakıda novostroykada dördotaqlı mənzilləri var, maşını da özünün. Deyirlər Rusiyada biznesi var. Belə yer hər qıza qismət olmur. Gedib yağ-bal içində yaşayacaqsan, ömrünün axırına kimi ehtiyac nədir bilməyəcəksən…”
Azərbaycan ailəsində bu cümlələr yad səslənmir. Elçiliyə gələn ailə imkanlı görünəndə söhbətin havası birdən dəyişir. Oğlanın necə insan olması hələ tam bilinmir, əsəbi necədir, qadına münasibəti necədir, keçmişində nə olub, sağlamlığı necədir – bunların heç biri hələ aydın deyil, amma söhbət artıq mal-mülkdədir: “Maşını nədir?”, “Evi haradadır?”, “Atasının nə işi var?”, “Rusiyada hansı biznesi var?”
Bir az keçəndən sonra maşının elə də qeyri-adi olmadığı məlum olur – orta büdcəli bir “Hyundai” və ya ekonom “Honda” imiş. Rayondakı “evləri” deyilən mülk də babasının adınadır. Bakıdakı dördotaqlı mənzil isə anasının adına çıxır və həmin mənzildə də ailənin ən azı iki üzvü qeydiyyatdadır. “Rusiyada biznesi var” sözünün arxasında isə bəzən konkret olaraq hansı şirkətin, hansı gəlirin, hansı hüquqi biznesin dayandığını heç kim bilmir.
Amma qız artıq nişanlanıb. Toy danışılıb. Qohum-əqrəba xəbər tutub. Dəvətnamələr paylanıb. Ana da ürəyində sevinib öz-özünə deyir:
“Belə yaxşı bir yerdən elçi çıxıb, birdən əldən verərik.”
Burada ən təhlükəli məqam budur ki, göz qabağında görünən var-dövlət görünməyən şeylərin üstünü örtür. Yəni, demək istədiyimiz budur ki, maşını görmək olur. Mənzilin şəklini göstərmək olur. Restoranda bahalı süfrə açmaq olur. Amma oğlanın mental və xüsusilə cinsi sağlamlığını, özü də Rusiya kimi bir yerdə qadınlarla keçmiş münasibətlərini, bir vaxtlar müalicə etdirdiyi genital ziyillərini, daha başqa hansı infeksiyaların (herpes, sifilis və digər dəri-zöhrəvi xəstəliklər) daşıdığını toy masasının üstündə görmək mümkün olmur. Qız da çox vaxt ərinin penisini ilk dəfə məhz toy gecəsi görür. Və bəzən həyatın ən qəribə ziddiyyəti həmin gecə ortaya çıxır.
Dördotaqlı mənzil var, bəs həmin mənzildə yaşayacağın adam haqqında nə bilirsən?
Başa düşürük, heç bir valideyn qızının maddi çətinlik çəkməsini istəmir. Ana öz həyatında kirayə, kredit, pul çatışmazlığı, ehtiyac və sıxıntı dərdi görüb və qızına eyni həyatı arzulamır. Ona görə “imkanlı oğlan” ifadəsi onun qulağında bir növ övladı üçün ömürlük təhlükəsizlik zəmanəti kimi səslənir.
Psixologiyada belə bir effekt var ki, insanın bir üstün xüsusiyyəti onun digər aşağı xüsusiyyətlərini də gözümüzdə yaxşı göstərməyə başlayır. Məsələn, imkansız bir ailənin oğlu siqaret çəkərsə “harana yaraşır?”, “zərərli vərdişdir” kimi qınaq obyetktinə çevirləcək. Amma əgər oğlan imkanlıdırsa və siqaret çəkirsə “kişi siqaret çəkər”, “təki ən pis vərdişi siqaret çəkmək olsun”, “o boyda biznes idarə edir, asan məsələ deyil, işi gərgin olur” deyə haqq qazandıracaqlar. Bir sözlə, əgər yaxşı qazancı və gəliri varsa “yəqin ağıllıdır”, yaxşı maşını varsa, “yəqin məsuliyyətlidir”, ailəsinin pulu varsa, “yəqin qızıma yaxşı baxacaq” deyib göylərə qaldırırlar.
Halbuki bunların heç biri avtomatik olaraq bir-birindən asılı deyil. Varlı kişi yaxşı həyat yoldaşı ola bilər. Kasıb kişi də ola bilər. Eyni şəkildə varlı kişi xəyanətkar, aqressiv və ya məsuliyyətsiz ola bildiyi kimi, maddi imkanı orta olan kişi də çox sağlam ailə münasibəti qura bilər. Bir sözlə, pul insanın xarakterinin, sədaqətinin və cinsi sağlamlığının analiz cavabı deyil.
Üstəlik “oğlanın evi var” deyilən şeyin hüquqi tərəfi də çox vaxt qızın ailəsinin düşündüyü kimi deyil. Azərbaycan Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikahdan əvvəl şəxsin mülkiyyətində olan əmlak onun ayrıca mülkiyyətidir. Yəni oğlanın nikahdan əvvəl aldığı mənzil toy baş tutan kimi avtomatik olaraq gəlinin yarı mülkiyyətinə çevrilmir. Əgər mənzil ümumiyyətlə oğlanın yox, anasının adına, rayondakı ev babasının adına rəsmiləşdirilibsə, qızın həmin mülklə hüquqi əlaqəsi bundan da azdır.
Qız həmin dörd otağın içində yaşaya bilər, amma dörd otağın birinin belə sahibi olmaya bilər. Ona görə “qızımızı evə-eşiyə veririk” ifadəsi hüquqi baxımdan çox vaxt tamam başqa məna daşıyır: siz qızınızı daşınmaz əmlaka yox, bir insana ərə verirsiniz. Əsas yoxlanmalı olan da həmin insandır.
Zifaf gecəsi qız penisdə qəribə izlər görür
Təsəvvür edək ki, toy bitib. Qızla oğlan ilk dəfə tək qalıblar. İllərlə toy, cehiz, restoran, gəlinlik, ev, maşın danışılıb, amma heç vaxt açıq danışılmayan bir mərhələ gəlib çatıb. Qız ilk dəfə ərinin penisini görür və dərhal diqqətini qəribə izlər çəkir. Penisin dərisinin müəyyən yerləri başqa rəngdədir. Sanki dəri yanıb, sağalıb, bəzi nöqtələrdə çapığa oxşar izlər qalıb. Soruşur:
“Bu nədir?”
Oğlan sakitcə cavab verir:
“Heç nə deyil. Adi ziyil idi. Həkim yandırdı, sağaldı.”
Qızın ağlına ilk gələn fikir bəlkə də “yəqin adi ziyildir?” olur.
Burada ən böyük səhv genital ziyili “sadə dəri problemi” kimi qəbul etməkdir. Genital nahiyədə yaranan hər bir ziyil orqanizmdə HPV infeksiyasının mövcudluğuna işarə edə bilər və bu virus nəzarətsiz buraxıldıqda sağlamlıq üçün ciddi risklər yarada bilər. Genital ziyillərin əksəriyyəti aşağı riskli HPV 6 və HPV 11 tipləri ilə əlaqəli olsa da, bu, vəziyyətin tam təhlükəsiz olduğu anlamına gəlmir. Çünki insan eyni anda həm aşağı riskli, həm də yüksək riskli HPV tiplərinin daşıyıcısı ola bilər. Xüsusilə HPV 16 və HPV 18 kimi yüksək riskli tiplər uzun müddət orqanizmdə qaldıqda uşaqlıq boynu, anus, penis və digər nahiyələrdə xərçəngönü dəyişikliklərə səbəb ola bilər. Ona görə də “sadəcə ziyildir, yandırdım və bitdi” yanaşması təhlükəlidir. Ziyilin görünən hissəsinin aradan qaldırılması virusun tam yox olması demək deyil. HPV orqanizmdə həmişəlik qalır, bir müddət immunitet yüksək olsa orqanizmdə “sönə” bilir. Amma immunitet düşən kimi mütləq yenidən aktivləşəcək və virus “yatmış” vəziyyətdə olsa da partnyora ötürüləcək və onun bədənində inkişaf edəcək
Yəni “penisdə ziyil olub” cümləsini eşidən kimi bu həyəcan siqnalı olmalıdır. Amma “yandırmışam, məsələ bitib” deməklə bunu ört-basdır etmək düzgün deyil. Genital ziyili yandırmaq, dondurmaq, lazerlə və ya başqa üsulla götürmək görünən törəməni aradan qaldıra bilər. Bu, həmin anda virusun bədəndəki bütün fəaliyyətinin sıfırlandığını göstərmir. Ziyillər müalicədən sonra yenidən mütləq yenidən yaranacaq və ömür boyu bədəndə qalacaq.
Yəni bəyin tiy gecəsi qıza deyilməli səmimi cümləsi budur: “Ziyil üzdən yanıb, amma virus bədəndə qalıb, yenə çıxacaq, mən gərək bu barədə səni əvvəldən xəbərdar edəydim”.
“Subay oğlan” olması niyə sağlamlıq zəmanəti deyil?
Bizdə qəribə bir məntiq də var. Qızın ailəsinə boşanmış oğlan elçi düşəndə:
“Yox, qızımız subaydır. O oğlan ailəli olub, həyatında qadın olub” – deyə etiraz edən ailə eyni zamanda 30-35 yaşlı subay oğlan haqqında heç tərəddüd etmədən:
“Şükür, heç evlənməyib” – deyə sevinə bilir. Amma unutmayaq ki, “subaylıq” əslində kağız üzərində olan ailə vəziyyətidir, seksual keçmiş haqqında məlumat deyil. Elə boşanmış oğlan ola bilər ki, həyatında yalnız elə həmin o qadın olmuş olsun. Amma elə subay oğlanlar da var ki, münasibətdə olduğu qadınların və qızların sayını itirib.
Ona görə də, infeksiya riskini ailə vəziyyətindən yox, real seksual davranışdan qiymətləndirmək lazımdır. Bir ailəli kişi həyatında yalnız həyat yoldaşı ilə münasibətdə olub və hər ikisi sağlam ola bilər. Bir subay kişi isə çoxsaylı partnyorlarla qorunmasız münasibətdə olduğu üçün xəstəlik daşıyıcısı ola bilər. İndi özünüz qiymətləndirin.
Bunu da unutmayaq ki, HPV-yə yoluxmaq üçün “yüzlərlə qadınla” münasibətdə olmaq lazım deyil. Bunun üçün bir yoluxmuş partnyor kifayət edə bilər. HPV vaginal və anal münasibətlə yanaşı genital nahiyələrin yaxın dəri təması ilə də keçə bilər və yoluxmuş şəxsdə görünən ziyil olmadan da ötürülə bilər.
Üstəlik kişidə ziyilin nə vaxt yarandığına baxaraq onun HPV-ni məhz hansı qadından və nə vaxt aldığını müəyyən etmək mümkün deyil. HPV əlamətləri yoluxmadan aylar, hətta illər sonra üzə çıxa bilər və əvvəlki infeksiya sonradan yenidən aşkarlana bilər. Buna görə ziyili görüb “deməli, dünən-sırağa gün kiminləsə münasibətdə olub” nəticəsini çıxarmaq düzgün deyil.
Qız həmin penisi bir də görəndə artıq iyrənirsə…
Bu hissəni də valideynlər qızları üçün “əşi, naz edir”, “uşaqdır, öyrəşər” deyib keçməməlidir. Bir qadın toy gecəsi qarşısında heç gözləmədiyi genital problem gördükdə onun beynində seksual oyanmadan əvvəl təhlükə siqnalı yarana bilər ki, bu da sonrakı cinsi münasibətlər üçün ikrah hissi doğura bilər. Bir neçə saat əvvəl bu kişi onun üçün ər idi. İndi isə artıq qadın olmuş qızın beynindən bu tip suallar keçəcək:
“Bunu mənə niyə əvvəldən demədi?”
“Görəsən, yoluxucudur?”
“Mənə də keçəcək?”
“Bunu kimdən alıb?”
“Görəsən, başqa nəyi gizlədir?”
“Həkimə gedib, yandırtdırıb, amma mənim bundan xəbərim yoxdur?”
Belə vəziyyətdə qadının penisə qarşı iyrənmə hissinin yaranması da mümkündür. Əvvəllər onu maraqlandıran yaxınlıq birdən təhlükə, əvvəl həvəsli olsa da, artıq anal və oral seks də ona xəyal kimi görünəcək. Kişi yaxınlaşanda qadın geri çəkiləcək. Onu vaginasına qəbul etmək istəməyəcək. Seks haqqında düşünəndə gözünün qabağına həmin ləkələr, yandırılmış yerlər və “adi ziyil idi” cümləsi gələcək. Bu reaksiya yalnız penisin görünüşündən doğmaya bilər. Burada aldadılmışlıq, yoluxmaq qorxusu və bədəninin təhlükədə olduğunu psixoloji hiss etmək də mühüm rol oynayır.
Belə situasiyalarda qadına:
“Ərindir də, nə olacaq?” – demək olmaz.
Bilmək lazımdır ki, nikah seksual razılığı avtomatik və ömürlük vermir. Qadın qorxursa, istəmirsə və tibbi vəziyyət aydın görünürsə, həmin gecə penetrativ münasibətə razı olmamaq onun haqqıdır.
HPV kişiyə heç nə etmir, bütün yük qadının üstünə düşür
HPV kişilərdə çox vaxt heç bir əlamət yaratmadan keçir. Onlar yalnız daşıyıcıdır. Amma bəzən yüksək riskli HPV tipləri kişilərdə də penis, anus və ağız-boğaz nahiyəsinin estetik problemlər yaradır. Yəni, artıq penisdə ziyil varsa, bu təhlükə siqanlıdır.
Qadınlarda isə HPV ümumi immu sistemini zədələyir, xüsusilə uşaqlıq boynu və “matka” deyilən uşaqlığın giriş hissəsi – yüksək riskli HPV-nin ən mühüm hədəflərindən biridir. Qadının aurasına və dişil enerjisinə mənfi psixoloji təsir yaradır. Bir müddət sonra davamlı yüksək riskli HPV infeksiyası uşaqlıq boynu hüceyrələrində dəyişiklik yaradaraq əvvəlcə xərçəngdən əvvəlki vəziyyəti, illər ərzində isə (dərhal müalicə olunmazsa) uşaqlıq boynu xərçənginə gətirib çıxara bilər. Demək olar ki, bütün uşaqlıq boynu xərçəngi halları yüksək riskli HPV ilə əlaqəlidir.
Bəs axıntı, üfunət, qaşınma və yanma?
Genital ziyillər qaşına, ağrıya və ya qanaya bilir. Qadın vaginasında pis qoxulu axıntı, güclü yanma, qaşınma və selikli qişada davamlı qıcıqlanma verə bilir. Bunun səbəbi isə bakterial vaginoz, göbələk, trixomoniaz, xlamidiya, qonoreya və başqa ginekoloji problemlərə münbit şəraitin yaradılmasıdır – çünki ümimi immun sistemini çökdürür və digər infeksiyalara qarşı qadını müdafiəsiz qoyur.
Pis qoxulu davamlı axıntı və xüsusilə cinsi əlaqədən sonra qanama isə uşaqlıq boynu xəstəliklərinin də əlaməti ola bildiyi üçün mütləq həkim qiymətləndirməsi tələb edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlıq boynu xərçənginin mümkün əlamətləri sırasında əlaqədən sonrakı qanamanı və pis qoxulu vaginal axıntını göstərir. Bunun üçün qız mütləq həkimə getməli, həkim ondan yaxma götürüb skrininq etməsi vacibdir.
“Toydan əvvəl analiz verdik, hər şey təmiz idi” ifadəsi HPV üçün zəmanət deyil
Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər məcburi tibbi müayinədən keçirlər. Rəsmi proqramda talassemiya, İİV/QİÇS və sifilis üzrə müayinələr nəzərdə tutulub. HPV bu məcburi nikahqabağı skrininq siyahısında göstərilmir. Üstəlik verilən nikah arayışı müayinədən keçmə faktını təsdiqləyir, nəticələrin özünü arayışın üzərində göstərmir.
Deməli, oğlan:
“Arayışım var, deməli məndə heç bir cinsi infeksiya ola bilməz” – deyirsə, deməli aldadır.
Başqa bir çətinlik də budur ki, kişilər üçün “mənim HPV statusumu yoxlayın” deyiləcək ümumi və təsdiqlənmiş rutin HPV skrininq testi yoxdur. CDC HPV testlərinin kişilərin ümumi skrininqi üçün tövsiyə edilmədiyini bildirir. Genital ziyil olduqda həkim çox vaxt diaqnozu müayinə ilə qoyur. Buna görə “toy qabağı qan verdik, deməli hər şey yüz faizdir” düşüncəsi təhlükəli arxayınlıq yarada bilər.
Qızın ailəsi nəyi soruşmalıdır?
Cəmiyyətimizdə elçilik zamanı qızın anası oğlan haqqında bəzən qəribə dərəcədə detallı iqtisadi araşdırmalar aparır ki, onlar da aşağıdakı məzmunda olur:
“Maaşı nə qədərdir?”
“Ev öz adınadır?”
“Maşını xarici markadır?”
“Rusiyada biznesi özünündür, yoxsa şərikdir?”
“Evdə neçə otaq var?”
“Kiminlə (baldız, qayın, qaynana, qaynata) qalacaq?”
Amma bəlkə də heç kim qızına demir:
“Qızım, nikah yalnız toy deyil. Bu insanla cinsi həyatın da olacaq. Onun seksual keçmişini soruşmağa haqqın var. Cinsi yolla keçən infeksiyalar barədə danışmağa utanma. Bədənində qəribə yara, ziyil, iz görsən, ‘ayıbdır soruşmaq’ – deyib qətiyyən susma!”.
Bizdə qız uşağına bəzən iyirmi yaşına qədər penis sözünü belə eşitdirmirlər. Sonra qızdan bir gecənin içində həm gəlin, həm həyat yoldaşı, həm də seksual partnyor olmasını gözləyirlər.
Qız nə bilsin normal genital quruluş necə görünür?
Nə bilsin genital ziyil nəyə oxşaya bilər?
Nə bilsin ərinin penisində əvvəlki yandırılmadan qalan iz görsə nə soruşmalıdır?
Nə bilsin ki, “bir dəfə ziyil olub, yandırmışam” cümləsi həkimlə dəqiqləşdirilməli məlumatdır?
Əgər valideyn illərlə “belə şeylərdən danışmaq ayıbdır” deyibsə, toy gecəsi qız birdən-birə tibbi ekspertə çevrilməyəcək.
Qızı məlumatsız saxlamaq onun namusunu qorumur – onu sadəcə müdafiəsiz qoyur.
“Qızım, oğlanın keçmişini soruşma, ayıbdır” – niyə?
Qız oğlandan soruşsa ki:
“Əvvəl seksual münasibətin olub?”
bəzən ailə dərhal müdaxilə edir:
“Ay qız, belə sual verilər? Oğlan nə düşünər?”
Bəs həmin oğlan bir neçə həftədən sonra bu qızın həyat yoldaşı olacaqsa və onunla qorunmasız cinsi münasibətdə olacaqsa, bu sual niyə ayıbdır?
Onun hansı maşını sürdüyünü soruşmaq ayıb deyil, amma sağlamlığına təsir edə biləcək keçmişi soruşmaq ayıbdır?
Rusiyada obyektinin neçə kvadratmetr olduğunu öyrənirik, amma həyat yoldaşı olacaq insanın genital sağlamlığı barədə danışmağı tərbiyəsizlik sayırıq.
Burada nəsə yerini dəyişib.
Əlbəttə, heç kim gələcək həyat yoldaşının bütün keçmişini təhqiqatçı kimi sorğu-suala tutmalı deyil. İnsanların şəxsi həyatı var. Amma nikah qarşı tərəfin sağlamlığına təsir edə biləcək məlumatı gizlətmək hüququ vermir.
Əgər kişidə genital ziyil olubsa, müalicə alıbsa və bunun cinsi yolla keçən HPV ilə əlaqəli olduğu deyilibsə, gələcək həyat yoldaşı ilə bu barədə açıq danışmaq etik baxımdan çox vacibdir.
Qız toy gecəsi belə bir şey görsə nə etməlidir?
Ən əvvəl panikaya düşüb özünə “həyatım məhv oldu” deməməlidir.
Amma:
“Toy olub artıq, nə edim, gözümü yumum” – da deməməlidir.
Əgər penisdə hazırda ziyil, yara, qabarcıq və ya səbəbi bilinməyən dəyişiklik varsa, yaxınlığı təxirə salmaq və dermatoveneroloq/urolog tərəfindən qiymətləndirilməsini istəmək ağıllı addımdır. CDC görünən genital ziyillər olduqda seksual əlaqəni ziyillər aradan qalxana qədər dayandırmağı tövsiyə edir.
Prezervativ HPV riskini azalda bilər, amma virus prezervativin örtmədiyi dəri sahələrindən də keçə bildiyi üçün tam qoruma vermir.
Qız özü də ginekoloqla danışa, HPV peyvəndi barədə məsləhət ala və yaşına uyğun uşaqlıq boynu skrininq planını öyrənə bilər. HPV peyvəndi mövcud infeksiyanı müalicə etmir, amma insanın yoluxmadığı digər təhlükəli HPV tiplərindən qorunmasına kömək edə bilər. NCI-yə görə müasir HPV peyvəndləri xərçəng və genital ziyillərlə əlaqəli əsas tiplərə qarşı qoruma yaradır.
Əgər tərəflərdən birinin əvvəlki seksual münasibətləri olubsa, HPV-dən əlavə digər cinsi yolla keçən infeksiyalar barədə də həkimlə danışmaq məntiqlidir. Hansı testlərin lazım olması insanın keçmişinə və risklərinə görə dəyişir.
Bəs oğlan imkanlıdırsa, bu qədər şeyi böyütməyə dəyər?
Məsələnin ən acı yeri bəzən buradan başlayır.
Qız anasına deyir:
“Ana, onda belə problem olub.”
Ana ilk sual olaraq:
“Həkim nə deyib?”
soruşmaq əvəzinə deyə bilər:
“Ay qız, hər şeyə ilişmə. Belə ailəni hardan tapacaqsan?”
Qız:
“Mən qorxuram.”
Ana:
“Hamıda nəsə olur da. Evi-eşiyi var, işi var, sənə baxacaq.”
Qız:
“Mən onu görəndə artıq iyrənirəm.”
Ana:
“Öyrəşərsən.”
Məhz burada dördotaqlı “novostroyka” qızın öz bədəni haqqında hissindən daha qiymətli hesab olunmağa başlayır. Halbuki qız həmin mənzildə yaşayacaq, amma öz bədəninin içində ömürlük yaşayacaq.
Mənzil anasının adına ola bilər. Maşın sabah satıla bilər. “Rusiyadakı biznes” bağlana bilər. Amma qadının bədəni, sağlamlığı və həyat yoldaşına olan etimadı onun özünündür.
Bir insanın sağlamlıq problemi olması onu pis insan etmir. HPV də son dərəcə geniş yayılmış virusdur və cinsi aktiv insanların böyük hissəsi həyatının müəyyən dövründə onunla qarşılaşır. Problem xəstəlikdən çox xəstəliyin gizlədilməsi, kiçildilməsi və qarşı tərəfin məlumatlı qərar vermək imkanının əlindən alınmasıdır.
Kişi əvvəlcədən açıq deyirsə ki:
“Məndə bir vaxt genital ziyil olub. Müalicə olunmuşam. Həkim bunun HPV olduğunu deyib. İstəyirsənsə birlikdə həkimə gedək, sən də bütün suallarını ver.” – bu sadəcə səmimi bir münasibətdir.
Toy gecəsi qız özü izləri görür, kişi isə:
“Boş şeydir, sən bunları bilməzsən” – deyirsə, bu artıq saymazyana münasibətdir.
Birincidə sağlamlıq problemi var, amma dürüstlük də var. İkincidə isə qız təkcə virusdan yox, gizlədilmiş həqiqətdən də qorxmağa başlayır.
Valideyn qızına nəyi əvvəldən deməlidir?
Qızı ailə qurmağa hazırlamaq “ər evində söz qaytarma”, “qayınananı incitmə”, “evini təmiz saxla”, “yemək bişirməyi öyrən” deməklə bitmir.
Valideyn qızına deməlidir ki, ərinin də bədəni var və onun bədəninin sağlamlıq tarixçəsi ola bilər. Cinsi yolla keçən infeksiyalar utanılacaq söhbət deyil. Penisində yara, ziyil, qeyri-adi çıxıntı və ya naməlum ləkə görsə, susmaq məcburiyyətində deyil. “İndi toy olub, geri dönüş yoxdur” düşüncəsi ilə özünü riskə atmalı deyil.
Daha əvvəldən qızın bilməsi lazımdır ki, “subay oğlan” tibbi diaqnoz deyil. “Varlı oğlan” da xoşbəxtlik üçün zəmanət deyil. “Yaxşı ailənin uşağı” isə ümumiyyətlə laboratoriya nəticəsi deyil.
Bir kişini həyat yoldaşı seçərkən onun evinin neçə otaqlı olmasını bilmək pis deyil. Maddi sabitlik də əhəmiyyətlidir. Amma bunun yanında xarakteri, borcları, asılılıqları, aqressiyası, əvvəlki münasibətlər barədə dürüstlüyü, cinsi sağlamlığa yanaşması və məsuliyyət hissi də danışılmalıdır.
Çünki qız gəlin köçəndə “Hyundai” ilə evə gedəcək, amma gecə yataqda maşınla yatmayacaq. Dördotaqlı mənzil onun əri olmayacaq – bu sadəcə dörd divardır. Qız həmin mülklərin sahibi yox, orada yaşayan bir sakindir. Bunu unutmaq olmaz. Həmin sakin isə ən azından mehriban mühitdə yaşamsa da, sağlam mühitdə yaşamalıdır.
Diqqət. Yayımlanan fotolar realdır və “DermNet” beynəlxalq tbbi portalından götürülüb – maarifləndirici xarakter daşıyır. Bundan əlavə siz müxtəlif həkimlərin TikTok və Instagram hesablarına baxaraq yüzlərlə video və fotolarda bu ziyilləri daha aydın görə və onların fəsadlarını əks etdirən görüntülərlə tanış ola bilərsiniz.





