Futbol matçlarının statistikasına baxanda “topa sahibolma”, “qapıya zərbə”, “künc zərbəsi” kimi anlayışlarla yanaşı son illərdə xG göstəricisinə də tez-tez rast gəlirik. Məsələn, oyunun hesabı 1:0 olduğu halda statistika bölməsində xG 2.15 – 0.47 yazıla bilər. Bəs xG nədir, 2.15 nə deməkdir və ən əsası, bu rəqəm həmin oyunda yaranan vəziyyətlərə aiddir, yoxsa əvvəlki matçlardan götürülür?
xG ingilis dilində “Expected Goals” ifadəsinin qısaldılmış formasıdır. Azərbaycan dilinə “gözlənilən qollar” kimi tərcümə olunur. Ancaq “gözlənilən qol” ifadəsi də ilk baxışda adamı çaşdıra bilər. Elə təsəvvür yarana bilər ki, sistem oyunun sonunda neçə qol vurulacağını əvvəlcədən hesablayır. Əslində isə xG-nin əsas işi bu deyil. xG futbolçunun vurduğu zərbənin qol olmaq ehtimalını qiymətləndirir. Başqa sözlə, xG bizə komandanın sadəcə neçə dəfə qapıya vurduğunu deyil, həmin zərbələrin nə qədər təhlükəli olduğunu anlamağa kömək edir.
Bunu Barselona – Deportivo oyunu üzərindən izah edək. Barselona futbolçusu təxminən 30 metrdən qapıya zərbə vurur. Belə uzaq məsafədən vurulan topların çox az hissəsi qolla nəticələndiyi üçün sistem həmin zərbəyə, məsələn, 0.03 xG verə bilər. 0.03-ü təxminən 3 faiz kimi başa düşmək olar. Yəni keçmişdə buna bənzər 100 zərbədən təxminən 3-ü qol olub. Bir qədər sonra Barselonanın hücumçusu qapıçı ilə üzbəüz qalır və yaxın məsafədən zərbə vurur. Bu, daha təhlükəli vəziyyətdir və həmin zərbə, məsələn, 0.70 xG ala bilər. Bu isə buna bənzər vəziyyətlərin təxminən 70 faizinin qolla nəticələndiyini göstərir.
Deməli, xG rəqəmi 0 ilə 1 arasında olur və 1-ə yaxınlaşdıqca zərbənin qol olmaq ehtimalı artır. 0.05 xG çox çətin, 0.50 xG kifayət qədər əlverişli, 0.80 xG isə çox təhlükəli qol vəziyyəti sayıla bilər. Amma 0.80 xG “bu top mütləq qol olacaq” demək deyil. Futbolçu boş qapının qarşısından da topu çölə vura bilər. xG gələcəyi görmür, sadəcə keçmişdə buna bənzər vəziyyətlərin nə qədərinin qol olduğunu hesablayaraq ehtimal müəyyənləşdirir.
Bəs xG indiki oyundur, yoxsa əvvəlki oyunlar?
Ən vacib məsələ də budur. Canlı matçda gördüyümüz xG həmin matçda vurulan zərbələr əsasında yaranır. Amma həmin zərbənin neçə xG olduğunu hesablamaq üçün sistem əvvəl oynanılmış minlərlə, hətta milyonlarla futbol epizodundan ibarət məlumat bazasından istifadə edir.
Yəni əvvəlki oyunlarla indiki oyunun xG-si arasında əlaqə var, amma bunu düzgün başa düşmək lazımdır.
Tutaq ki, Barselona – Deportivo matçı başlayıb. 10-cu dəqiqədə Barselona uzaqdan bir zərbə vurub və həmin zərbə 0.05 xG qiymətləndirilib. Deməli, canlı statistikada Barselonanın xG-si 0.05 olacaq. 25-ci dəqiqədə Barselona qapıçı ilə üzbəüz vəziyyətdə zərbə vurur və həmin epizoda 0.65 xG verilir. Bu zaman əvvəlki 0.05 də onun üstünə gəlir:
0.05 + 0.65 = 0.70 xG.
Sonra Barselona daha bir vəziyyət yaradır və həmin zərbə 0.30 xG qiymətləndirilir. Barselonanın ümumi göstəricisi artıq:
0.05 + 0.65 + 0.30 = 1.00 xG olur.
Yəni həmin 1.00 xG Barselonanın keçən həftə, keçən ay və ya əvvəlki mövsümdə yaratdığı qol vəziyyətləri deyil. Bunlar məhz hazırda gedən Barselona – Deportivo matçında vurduğu zərbələrin ümumi xG-sidir.
Bəs əvvəlki oyunlar burada nəyə lazımdır? Sistem Barselonanın qapıçı ilə üzbəüz vurduğu həmin zərbənin 0.65 xG olduğunu göydən götürmür. Böyük məlumat bazasında keçmişdə buna bənzər minlərlə zərbəyə baxır. Məsafə, bucaq, zərbənin ayaqla və ya başla vurulması, ötürmənin növü və modeldən asılı olaraq başqa amillər nəzərə alınır. Əgər oxşar 100 vəziyyətin təxminən 65-i qol olubsa, yeni vəziyyət də təxminən 0.65 xG qiymətləndirilə bilər.
Beləliklə, bunu yadda saxlamaq çox asandır:
Vəziyyət indiki oyunda yaranır, həmin vəziyyətin nə qədər təhlükəli olduğunu müəyyənləşdirmək üçün isə keçmiş oyunların böyük statistik bazasından istifadə edilir.
Oyun başlamayıbsa, xG haradan çıxır?
İndi isə ən çox çaşqınlıq yaradan məsələyə baxaq. Tutaq ki, Barselona – Deportivo matçı hələ başlamayıb, amma hansısa statistik və ya proqnoz saytında Barselonanın qarşısında 2.30 xG göstərilir.
Əgər oyun başlamayıbsa, bu konkret matçın faktiki xG-si ola bilməz. Çünki futbolçular hələ meydana çıxmayıb və bir dənə də zərbə vurulmayıb.
Belə hallarda saytın həmin göstəricinin yanında nə yazdığına baxmaq lazımdır. Bu, məsələn, orta xG (average xG/xG per match) ola bilər. Barselona əvvəlki oyunlarda orta hesabla hər matçda 2.30 xG yaradırsa, sayt qarşıdakı matçdan əvvəl komandanın statistik göstəricisi kimi bunu təqdim edə bilər.
Başqa variant proqnozlaşdırılan xG (projected/expected xG) ola bilər. Bu halda saytın modeli Barselonanın əvvəlki hücum göstəricilərinə, Deportivonun rəqiblərə verdiyi qol vəziyyətlərinə, ev-səfər nəticələrinə və başqa statistik məlumatlara baxaraq qarşıdakı matç üçün təxmini rəqəm hesablayır.
Məsələn:
Oyun başlamamış:
Barselona – orta xG: 2.30
Deportivo – orta xG: 0.95
Bu, onların əvvəlki oyunlarından çıxarılan statistik göstərici ola bilər.
Amma oyun başladıqdan sonra 30-cu dəqiqədə:
Barselona 0.82 xG – 0.15 Deportivo
görürüksə, bu artıq həmin matçda vurulan zərbələrdən yaranmış xG-dir.
Buna görə oyun başlamamış gördüyümüz xG ilə canlı matçda gördüyümüz xG-ni qarışdırmaq olmaz.
xG qol vəziyyətidir, yoxsa zərbə?
Burada da bir incəlik var. Biz xG-ni sadə dildə “qol vəziyyətinin təhlükəliliyi” kimi izah edirik. Amma klassik xG sistemlərinin böyük hissəsində hesablamanın əsasını zərbə təşkil edir.
Məsələn, Barselona hücumçusu qapıçını keçir və boş qapı qarşısında olan komanda yoldaşına ötürmə vermək istəyir. Ötürmə çatsa, demək olar ki, hazır qol vəziyyəti yaranacaq. Amma Deportivo müdafiəçisi son anda topu tutur və ümumiyyətlə zərbə vurulmur.
Stadiondakı azarkeş deyəcək: “Barselona yüz faizlik qol vəziyyətini əldən verdi”.
Amma standart xG sistemi üçün zərbə baş tutmadığına görə həmin hücum klassik xG-də gözlədiyimiz formada əks olunmaya bilər. Buna görə xG-yə baxanda “komandanın bütün təhlükəli hücumlarını göstərir” demək də tam düzgün deyil. Daha dəqiq ifadə belədir: xG əsasən vurulmuş zərbələrin nə qədər təhlükəli olduğunu qiymətləndirir.
Barselona 0:1 uduzur, amma xG 2.50 – 0.30-dur. Bu necə olur?
Çox rahatlıqla ola bilər. Tutaq ki, Barselona Deportivo qarşısında 15 dəfə zərbə vurub. İki dəfə qapıçı ilə üzbəüz qalıb, bir neçə dəfə yaxın məsafədən vurub, amma ya qapıçı çıxarıb, ya top dirəyə dəyib, ya da futbolçular dəqiq olmayıb. Barselonanın bütün zərbələrinin xG-si toplananda 2.50 alınıb.
Deportivo isə demək olar ki, hücum etməyib. Bir neçə zəif vəziyyət yaradıb və ümumi xG-si cəmi 0.30 olub. Amma futbolçulardan biri 25 metrdən möhtəşəm zərbə vuraraq qol edib.
Matç belə bitə bilər:
Barselona 0:1 Deportivo
xG isə:
Barselona 2.50 – 0.30 Deportivo
Bu, “Barselona əslində 2,5:0,3 hesabı ilə qalib gəlib” demək deyil. Əsl nəticə 0:1-dir və Deportivo qalibdir. xG sadəcə bizə göstərir ki, oyun ərzində daha çox və daha keyfiyyətli qol imkanları Barselonanın zərbələrindən yaranıb.
Elə xG-nin əsas faydası da burada ortaya çıxır. Hesaba baxanda yalnız kimin qol vurduğunu görürük. xG-yə baxanda isə komandaların həmin qollara çatmaq üçün nə qədər keyfiyyətli imkanlar yaratdığını daha yaxşı anlaya bilirik.
Mərc edənlər üçün də xG buna görə maraqlıdır. Barselona son beş oyunda az qol vurubsa, ilk baxışda hücumunun zəif olduğunu düşünə bilərik. Amma həmin oyunlarda daim yüksək xG yaradıbsa, deməli komanda qol vəziyyətinə girməkdə o qədər də çətinlik çəkmir, əsas problem həmin vəziyyətləri qola çevirməkdir. Əksinə, Deportivo az xG yaradıb, amma çox qol vurubsa, komanda müəyyən müddətdə yaratdığı imkanlardan çox yüksək səviyyədə istifadə etmiş ola bilər.
Amma xG-yə baxıb “Barselonanın xG-si yüksəkdir, növbəti matçda mütləq qalib gələcək” demək olmaz. xG də digər futbol statistikaları kimi təhlilə kömək edən vasitədir, gələcəyi göstərən cihaz deyil.
Bütün mövzunu ən sadə formada belə yadda saxlamaq olar:
xG – “Expected Goals”, Azərbaycan dilində “gözlənilən qollar” deməkdir. Canlı matçda xG həmin oyunda vurulan zərbələrin qol olmaq ehtimallarının cəmidir. Hər zərbənin nə qədər təhlükəli olduğunu müəyyənləşdirmək üçün əvvəlki minlərlə oxşar vəziyyətin statistikası istifadə olunur. Oyun başlamamış saytda gördüyümüz xG isə konkret matçda yaranmış xG deyil; adətən komandanın əvvəlki oyunlardakı orta xG göstəricisi və ya qarşıdakı oyun üçün statistik modelin verdiyi proqnozdur.
Bu fərqi bildikdən sonra statistikada Barselona 2.35 xG – 0.62 Deportivo yazısını görəndə rəqəmlər artıq qəribə görünmür. Sadəcə bilirik ki, söhbət 2,35 qoldan yox, Barselonanın həmin oyunda vurduğu zərbələrdən yaranmış ümumi qol ehtimalından gedir.





