azbetsport_87657

Qumar aludəçiliyi yalnız bir insanın problemi deyil — bu, bütövlükdə ailəni sarsıdan, münasibətləri zədələyən, maddi və mənəvi gərginlik yaradan bir vəziyyətdir. Dibi görünməyən bir quyudur. Aludəçi insanın həyatında ən böyük dayağı onun ailəsidir. Ailənın hər bir üzvü – ata, ana, bacı, qardaş, həyat yoldaşı – müxtəlif rolları ilə ona çıxış yolu göstərməli, həm psixoloji, həm də mənəvi dəstək verməlidir.

Atanın rolu

Ata ailənin dayağı olaraq qətiyyətli mövqe nümayiş etdirməlidir. Qumar aludəçisinin borclarını düşünmədən ödəmək, kredit götürmək problemi daha da dərinləşdirir. Ata açıq şəkildə göstərməlidir ki, borcları ödəmək deyil, övladı bu vərdişdən uzaqlaşdırmaq əsas məqsəddir. O, oğluna nizam-intizamı, məsuliyyət hissini aşılamaqla yanaşı, ailənin maddi imkanlarını da qorumaq öhdəliyini daşıyır.

Ananın rolu

Ana mərhəməti və anlayışı ilə övladının yanında dayanmalıdır. Ancaq bu mərhəmət heç vaxt həddindən artıq yumşaqlıq olmamalıdır. Qumar borcunu ödəməklə övladına yardım etdiyini zənn edən ana əslində onu uçuruma sürükləyir. Ana övladını ümidləndirərək, dua və namazı həyatının bir parçasına çevirməsinə dəstək ola bilər. Çünki namaz və ibadət insanın qəlbinə sabitlik və səbir gətirir.

Qardaşın rolu

Qardaş bəzən ən yaxın dost, ən sərt tənqidçi ola bilər. Oyun aludəçisini reallığa qaytarmaq üçün açıq danışmalı, bəzən sərt mövqe ortaya qoymalıdır. Amma tənqid qırıcı yox, oyandırıcı olmalıdır. Qardaş onu idmana, gəzintiyə, yaradıcı məşğuliyyətlərə (məsələn, rəsm, musiqi, yazı) yönləndirə bilər. Beləcə, aludəçi qardaşının dəstəyini həm dost, həm də yolgöstərən kimi hiss edəcəkdir.

Bacının rolu

Bacı daha çox emosional dəstək rolunu oynayır. Bacının sevgisi və qayğısı qardaşa güvən verir, öz dəyərini hiss etdirir. Bacı onu ailədə sevilən biri olduğunu xatırladaraq, ümidini itirməməsinə yardım edə bilər. Bu, qumar asılısı üçün çox güclü motivasiya mənbəyidir.

Həyat yoldaşının rolu

Əgər qumar aludəçisi evlidirsə, burada həyat yoldaşının mövqeyi xüsusi əhəmiyyət daşıyır. Həyat yoldaşı ərinə həm sevgi, həm də qətiyyətlə yanaşmalıdır. Borcları gizlincə ödəmək, ərini qorumaq istəyi yaxşı niyyət olsa da, problemin kökünü həll etmir. Bəzən xanım həm həyat yoldaşının valideynlərindən, həm də öz ata-anasından məsələni gizlədir və problemi ailə içində həll etməyə çalışır. Bunun üçün cehizlərini, zinət əşyalarını satır yaxud lombarda qoyur. Lakin, bu heç də vəziyyətdən doğru çıxış yol deyil. Əksinə, məsuliyyəti ərinin öz üzərinə götürməsi üçün ona şərait yaratmaq lazımdır. Eyni zamanda həyat yoldaşı, ərini mənəvi güclə dəstəkləmək, birgə namaz qılmaq, ibadəti paylaşmaqla ailədə həm ruhani, həm də emosional güc yaratmalıdır.

Praktiki addımlar

  • Borcları ödəmək yox, məsuliyyət aşılamaq: Ailə kredit götürərək və ya varını yoxunu verərək borcları bağlamamalıdır. Əksinə, aludəçini məsuliyyət daşımaya məcbur etmək lazımdır. Qoy, işləsin və özü ödəsin.
  • Namaz və ibadət: İbadət insanı mənəvi güclə silahlandırır, pis vərdişlərdən çəkindirir. Aludəçiyə namazı davamlı qılmağı tövsiyə etmək lazımdır, Bu, onun içindəki boşluğu doldurcaq.
  • Yaradıcı məşğuliyyətlər: Qumar oyunçusu başını musiqi, rəsm, yazı, idman kimi fəaliyyətlərlə qarışdırmalıdır.
  • Texnologiya nəzarəti: Smartfonlardan uzaqlaşmaq vacibdir, çünki əksər onlayn qumar saytlarına giriş oradan olur. Sadə, düyməli telefon işlətmək ən gözəl addımdır.

Bunlar da maraqlıdır

"Çəngəl" strategiyası ilə qazanmaq mümkündür?
İdman mərclərində "Çəngəl". rus dilində “Вилка” və ya ingiliscə “Fork”...
Azart oyun aludəçiliyinin əlamətləri
Azart oyunları insan həyatına müəyyən qədər əyləncə gətirsə də, həddindən...
Value Betting (Dəyərli mərc)
Value betting anlayışını başa düşmək üçün ehtimal və əmsalın nə...