
Qumar asılılığı təkcə oyunçuya deyil, onun yaxın çevrəsinə – ailəsinə, dostlarına və yaxın qohumlarına da mənfi təsir göstərir. Çox vaxt ailə üzvləri öz qayğılarını, ehtiyaclarını unudaraq bütün diqqəti oyunçuya yönəldirlər. Onlar təkcə maddi yox, həm də mənəvi cəhətdən tükənirlər. Nə üçün də tükənməsinlər? Onların canlarından, qanlarından olan bir insan gözləri qarşısında peoblemlər içində əriyib yox olur. Bu proses ailə üzvlərinə də ataya, anaya, qardaşa və bacıya, həmçinin həyat yoldaşı və uşaqlara da mənfi təsir edir. Halbuki ailənin sağlam münasibətlər qurması üçün hər kəsin özünü də qoruması, ehtiyaclarını nəzərə alması vacibdir.
Özünü qorumağın vacibliyi
Ailənin həyatı getdikcə oyunçunun davranışları ətrafında fırlanmağa başlayır. Bu zaman yaxınlar müxtəlif suallarla üz-üzə qalır:
- Ona hələ də güvənmək olarmı?
- Necə edə bilərəm ki, o, oynamağı dayandırsın?
- Bizim gələcəyimiz necə olacaq?
Belə vəziyyətdə insan tez-tez özünü unudur. Halbuki suallar belə olmalıdır: “Özümü yaxşı hiss etməyim üçün nə lazımdır? Həyatımda mənə vacib olan nədir? Mən bu problemlərin davam etməsini istəyirəmmi və bu problemlərə nə dərəcədə tab gətirə bilərəm?”
Peşəkar dəstək
Bəzən ailə üzvlərinin peşəkar dəstəyə ehtiyacı olur. Mütəxəssislərlə söhbətlər zamanı:
- oyunçunun dəyişməyə motivasiyasını artırmaq yolları,
- ailə üzvlərinin öz hissləri və psixoloji vəziyyəti,
- özünə daha yaxşı qayğı göstərmək üsulları və s. məsələlər ətraflı müzakirə olunur.
Dəstək xidmətləri çox vaxt bir neçə pulsuz konsultasiya təklif edir və əsas diqqəti ailə üzvlərinin öz ehtiyaclarına yönəldir. Əlavə olaraq, bir çox təşkilatlarda ailələr üçün xüsusi dəstək proqramları mövcuddur.
Dəstək qrupları
Qumar asılılığı ilə mübarizə aparan insanların ailələri üçün dəstək qrupları mövcuddur. Belə qruplarda eyni vəziyyəti yaşamış insanlar bir araya gələrək öz təcrübələrini bölüşür, bir-birinə mənəvi olaraq dayaq olurlar. Bəzi qruplar xüsusi olaraq yalnız ailə üzvlərinə yönəlmiş görüşlər təşkil edir. Həmçinin onlayn dəstək imkanları da mövcuddur ki, bu da ünsiyyəti daha əlçatan edir.
Tədqiqatlarda iştirak
Hazırda bəzi təşkilatlar qumar asılılığı olan şəxslərin yaxınları arasında araşdırmalar aparır. Bu araşdırmalarda iştirak etməklə siz təkcə özünüzə və ailənizə deyil, gələcəkdə oxşar vəziyyətlə üzləşəcək insanlara da kömək edə bilərsiniz.
Nəticə
Qumar oyunçusuna dəstək göstərmək ailə üzvləri üçün həm ağır, həm də ziddiyyətli bir proses ola bilər. Ən əsas məqam – yalnız oyunçuya deyil, özünüzə də qayğı göstərməkdir. Peşəkar dəstək, dəstək qrupları və açıq ünsiyyət bu yolda ailəyə güc verir və problemin daha sağlam şəkildə həllinə imkan yaradır.