976g789

Ailə quranda heç kim qabaqcadan düşünmür ki, hər şey pis ola bilər. Hər kəs yalnız yaxşı şeyləri düşünüb, heç vaxt boşanmayacaq ümidi ilə ailə qurur. Heç bir qadın əvvəlcədən bilə bilməz ki, bir neçə ildən sonra qapının açılma səsindən həyat yoldaşının əhvalını müəyyənləşdirməyi bacaracaq. Axı o daimi problemlərə şərik olmağa yox, xoşbəxt olmaq üçün ailə qurmuşdu. Əvvəl hər şey yaxşı başlayır: diqqət, qayğı, bal ayı. Bir neçə il sonra isə gündəlik həyat və ailə qayğıları amansızlıqla hər iksinin başının üstünü alır: kreditin vaxtı çatır, kirayə pulu verilməlidir, uşağın bağça və ya məktəb xərci çıxır, evdə qazın, işığın pulu yığılıb qalır, kişinin işi düz gətirmir, qadın da bütün gün evin və uşağın qayğısından yorulub. Normal ailədə bunlar birlikdə həll ediləsi problemlərdir. Bəzi ailələrdə isə hər problem axırda bir nəfərin üstünə tökülür.

Kişi işdən əsəbi gəlir. Evdə yemək istədiyi vaxt “hələ hazır deyil” sözünü eşitikdə əvvəl inciklik, bir müddət sonra isə dava başlayır. Uşaq səs salırsa – “bütün günü evdəsən, bir uşağa baxa bilmirsən, gərək problemi mən gələnə saxlayaydın?” deyir. Kommunal borc çox gəlibsə – “günah səndədir, çox yandırmısan” ittihamları ilə deyinməyə başlayır. Bazarlıq üçün verilən pul ayın axırına çatmayıbsa – “pulu hansı cırta-pırta xərcləmisən?” sorğusu başlayır. Qadın uşağa ayaqqabı alıbsa – “köhnəsini geyinə bilmirdi, bu uşaqdı axı” sözləri ilə deyinməyə başlayır. Yaxud qadın özünə bir paltar alıbsa – “Bir şifoner paltarın var, evin bu qədər problemi ola-ola, sən bəzənməyi fikirləşirsən” – deyə danışır. Qadın işləmək istəyirsə – “uşağa kim baxacaq?”, işləmirsə – “bir qara qəpik də qazanmırsan” – dyə ittihamlar səsləndirməyə başlayır. Ata evinə tez-tez gedirsə – problem olur. Getmirsə – “öz ailənlə də aran yoxdur” deyirlər.

Bir müddətdən sonra qadın nə etsə, hətta düz qərar versə də, səhv çıxır.

Qaynana zəng edib nəsə deyib, əsəb evdə yenə qadından çıxılır. Qohum toyuna pul yazdırmaq lazımdır, yenə mübahisə düşür. Uşağın hazırlıq müəlliminə pul çatmır, “sən əvvəlcədən niyə deməmisən?” söhbəti başlayır. Evdə soyuducu xarab olur, ustaya pul vermək lazımdır, günahkar axtarılır. Bayram gəlir, uşağa təzə paltar lazımdır, evə bazarlıq edilməlidir, qonaq gələcək – pul isə yoxdur. Bütün bunlar yığılıb adi məişət problemini ər-arvad arasında müharibəyə çevirir.

Ən pisi odur ki, bir müddətdən sonra evdə hamı bir nəfərin əhvalına uyğun yaşamağa başlayır. Kişi evə yaxşı əhvalda gəlibsə, qadın rahat nəfəs alır. Qaşqabaqlı gəlibsə, uşağa deyir: “Atan yorğundur, səs salma”. Gərək hamı səssiz olub ayağının ucunda gəzsin. Deməli olduğu sözü də sabaha saxlayır ki, bu gün kişi əsəbidir. Soyuducunun xarab olduğunu deməyə münasib vaxt axtarır, hansısa problemi ərinə danışmağa uyğun saat gözləyir. Anasıgilə getmək istədiyini həmin gün söyləmir. Hətta uşağın müəlliminin pul istədiyini demək üçün kişinin kefinin yaxşı olmasını gözləyir.

Fikir verin, burada artıq ailə normal həyatını yaşamır. Ailə bir nəfərin əsəbiləşməməsi üçün yaşayır.

Sonra bir axşam hər şey partlayır. Səbəb isə kənardan baxana gülməli görünə bilər. Uşaq telefon istəyib. Qadın “bu ay pul çatmayacaq” deyib. Kişi “mən pul qazana bilmirəm deyirsən?” kimi başa düşüb. Yaxud qadın “anamgilə gedəcəyəm” deyib, kişi “məndən icazə almısan?” söyləyib. Bəzən də səbəb masanın üstündə qalan boşqab, uşağın aşağı qiyməti, evə gec gəlmək, qohumun ailədən borc pul istəməsi yaxud bprcu qaytamaları ilə bağlı dediyi bir söz olur.

Əslində dava boşqaba, borca, icazəyə görə deyil. İllərlə yığılan narazılıq həmin boşqabın, borcun yaxud icazə verilməməsinin üstündə partlayır.

Əvvəl səs yüksəlir. Sonra köhnə dəftərlər açılır: “Sənin anan o vaxt mənə belə demişdi”, “sənin qardaşın toyda elə etmişdi”, “mən bu evə gələndən gün görməmişəm”, “mən olmasaydım, sən heç nə edə bilməzdin”. Beş il əvvəl deyilən söz həmin gecə yenidən süfrəyə qoyulur. Bir az sonra təhqirlər başlayır. Bəzən qapı çırpılır, stula təpik vurulur, qab sındırılır. Bəzən də əl qalxır.

On dəqiqə, yarım saat, bir saat keçir. Sonra həmin adam sakitləşir.

“Əsəbi idim”, “işdə problemlərim var”, “sən də üstünə gəlməyəydin”, “məni özümdən çıxardın” deyir. Gecə barışırlar. Səhər uşağı məktəbə aparır, evə çörək alıb gəlir, axşam ailəsi ilə oturub çay içir. Hətta dünən ağlatdığı qadına “səni sevirəm” də deyir.

Və həin andan etibarən qadının beynində ən çətin sual yaranır:

“Bu adam pisdir, yoxşa yaxşı? Bəlkə onu bu hala gətirən mənəm”

Bəlkə də insanı belə münasibətdə ən çox saxlayan məhz budur. Qarşısındakı adam 365 gün pis olmur. Bir ay hər şey əla gedir. Maaşını gətirib evə verir, uşaqları gəzdirir, bazarlıq edir, qadın xəstələnəndə dərmanını alır. Qadın da düşünür: “Deyəsən, düzəlib”. Sonra bir axşam yenə eyni şey təkrarlanır.

Kənardan baxan rahat deyə bilər ki: “Kül təpənə, necə dözürsən buna? Səni saymır, qıraqda saxladığı var. Yığ əşyalarını, çıx get və boşan.”

Amma bizim reallıqda həmin cümlənin ardınca onlarla sual gəlir.

Hara getsin? Başına haranın daşını salsın? Ata evində bəlkə qardaşı ailə qurub gəlin gətirəcək? Yaxud ailə qurmamış bacısı valideynləri ilə yaşayır. Gedib onlara əlavə yük olsun? İki yaxud üçotaqlı evə üç uşaq, gəlin, ata-ana yığılıb. Kirayə ev tutmaq üçün ilkin pul lazımdır. Uşağın məktəbi var. İşləmirsə, iş tapmalıdır. İş tapmaq, özü də normal iş tapmaq elə də asan deyil. İşləsə, uşağı məktəbdən kim götürəcək, onlara kim baxacaq? Balaca çox dəcəldir. Əri aliment vaxtında veriləcəkmi? Ərindən ona ev düşməyəcək, çünki yaşadıqları ev ərinin adına deyil. Eynilə Əşrəf Hakimidə olduğu kimi. Evdəki halal zəhməti ilə aldığı yaxud ona bağışlanan əşyalar necə olacaq, necə bölünəcək? Cehizini götürə biləcəkmi? Paltaryuyanı aparsa, “evdən əşya oğurladı” söhbəti çıxacaqmı? Qızıllar kimdədir? Bankda birgə kredit borcu varsa, onu kim ödəyəcək?

Üstəlik qohum-əqrəba da başlayacaq ki:

“Uşağa görə dözmək olardı, indiklərə qudurub.”

“Ər-arvad arasında söz-söhbət olar.”

“Atanın evinə qayıdıb nə edəcəksən ki?”

“Camaatın hamısının evində problem var.”

“Bir dəfə vurub deyə ailə dağıdarlar?”

Bəzən qadın ərindən ayrılmaq qərarını verməmişdən əvvəl bütün məhəlləyə, qohumlara və öz valideynlərinə verəcəyi cavabları düşünür.

Kişinin vəziyyəti də hər ailədə göründüyü qədər sadə olmur. Səhərdən axşama işləyir, maaşı kreditə, kommunala, bazarlığa çatmır. İşdə yüz adamdan yüz söz götürür. İşdə, küçədə, nəqliyyatda çətinliklərlə üzləşir. Evə gələndə isə yenə pul söhbəti eşidir. Qadınd deyir ki, filankəsin evi var, amma sənin yoxdur. Onun da əl-ayağı var, sənin də. Sən ondan niyə əskiksən? Qohumu maşın dəyişib, özü köhnə maşının kreditini ödəyir. Belə olanda da, kişinin içində “ailəmi dolandıra bilmirəm” hissi yaranır. Amma bunu “mən çətinlik çəkirəm” deyə ifadə etmək əvəzinə əsəb və aqressiya ilə göstərirsə, nəticədə ən yaxınındakı insanları incidir. Maddi sıxıntı insanın niyə gərgin olduğunu izah edə bilər, amma təhqir və zorakılığa haqq qazandırmır.

Əslində Azərbaycanın bir çox ailələrində böyük münaqişələrin altında böyük və dəhşətli sirrlər yox, illərlə (hətta nişan, xına və toy günündən) yığılıb qalmış bapbalaca məişət problemləri yatır: pul çatışmazlığı, kredit, evsizlik, qayınana-gəlin münasibəti, qohumların ailəyə həddindən artıq qarışması, uşağın qayğısının bir nəfərin üzərinə düşməsi, işsizlik və “camaat nə deyər?” qorxusu.

Problem bunların olmasında deyil. Hər ailədə çətinlik ola bilər. Problem odur ki, həmin çətinliklərin hamısının acısı evdə bir nəfərdən çıxılır.

Bir müddətdən sonra qadın da dəyişir. Əvvəllər susurdusa, indi o da qışqırır. Polis ilə, məhkəmə ilə qorxudur. Kişi “sən belə elədin” deyəndə qadın “sənin anan da belə eləmişdi, bacın da bunu demişdi” deyir. Kişi ağır söz deyirsə, qadın ondan da ağırını tapmağa çalışır. Artıq heç biri problemi həll etmir. Hər ikisi “harda qırılır qırılsın, incəldiyi yerdən qopsun” deyərək davada məğlub olmamağa çalışır.

Kişi düşünür: “İndi geri çəkilsəm, məni saymayacaq”. Kişi əlacsız qalır, səsini yüksəltsə bir vay – qonşular eşidəcək, hörmətdən düşəcək, səsini qaldırmasa bir vay – arvadın ayağı yer alacaq, uşaqlar daha onu kişi yerinə qoymayacaq.

Qadın düşünür: “İndi sussam, sonra başıma çıxacaq, boynuma minəcək. Os…nın qabağına sı.masan, deyəcək g.tü yoxdur”.

Halbuki bir ailədə kimin daha güclü olduğunu bilmək olar, amma belə evdə kimin xoşbəxt olduğunu tapmaq çətinləşir. Ən təhlükəlisi isə insanın özünü bütün bunlara alışdırmasıdır. Üç həftə dava olmayanda “şükür, hər şey düzəlib” deyir. Kişi əsəbiləşib bu dəfə qışqırmayanda qadın sevinir. Qadın cavab qaytarmayanda kişi “aha, nəhayət ağlı başına gəldi” düşünür.

Əslində isə, insanın öz evində qorxmaması, təhqir edilməməsi və rahat danışa bilməsi mükafat deyil. Əslində, normal olan elə budur.

Bəzən münasibətin nə vəziyyətdə olduğunu anlamaq üçün “Məni sevir?” sualından əvvəl başqa bir sual vermək lazımdır: “Mən bu adamın yanında özüm olduğum kimi yaşayıram, yoxsa hər gün onun əsəbiləşməməsi üçün başqa özümə yad olan – tamam başqa bir adama çevrilirəm?”

Bunlar da maraqlıdır

Ərimin kazino asılılığı var, nə edə bilərəm?
Əvvəlcə insan özünə bu sualı vermir. “Bir az oynayır”, “maaş...
Exchange Betting nədir?
Exchange Betting (Mərc mübadiləsi) – klassik bukmeker mərcindən fərqli olaraq,...
Stadiondakı azarkeşlərin çoxu oyuna mərc edənlərdir?
Stadionlarda oyun izləyən fanatların çoxu həqiqətən də rəsmi mərc oynayanlar...