Boşanmış qadına kənardan məsləhət vermək asandır. “Hələ cavansan, həyat qabaqdadır”, “bir nəfərə görə ömrünü tək keçirmə”, “qarşına yaxşı adam çıxsa, ailə qur” deyən çox olur. Qadın özü də bəzən bunu istəyir. Axı onun da sevilməyə, axşam evə gələndə yanında bir insanın olmasına, hənirtiyə, dərdini bölüşməyə, yenidən ailə qurmağa haqqı var. Boşanmaqla qadının hissləri ölmür ki. 30 yaşında da, 40 yaşında da qadın qadındır. O da diqqət, qayğı, sevgi istəyir. Amma yanında qız uşağı varsa, məsələnin rəngi birdən dəyişir.
Çünki bu zaman qadın artıq yalnız özünə ər seçmir. Qızının yaşadığı evə yad bir kişi gətirir.
Bəlkə də qız anasının qarşısına çıxan kişini çox bəyənir. Kişi mədəni danışır, işi-gücü var, qadına hörmət edir, uşağa da mehriban münasibət göstərir. “Sənin qızın mənim də qızım olacaq” deyir. Qadının da ürəyi istəyir ki, inansın. Amma beyninin bir küncündə başqa bir səs başlayır: “Mən bu adamı özüm üçün tanıyıram. Bəs ata kimi tanıyırammı?”
Bu qorxu xüsusilə qız uşağı böyüdükcə ağırlaşır. Bu gün beş yaşında olan qız sabah on yaşında olacaq, sonra on üç, on beş… Ev balacadırsa, hamı eyni hamamdan istifadə edəcək, yayda evdə daha rahat geyinəcək, ana işdə olanda qızı ilə ögey ata evdə tək qala bilər. Ana növbəli işləyirsə, bəzən axşam gec gələcək. Qız məktəbdən tez gələcək. Həyatın min cür vəziyyəti var. Ana bunların hamısını qabaqcadan beynində yaşayır.
Sonra telefonda bir xəbər görür: “Ögey ata azyaşlı qıza qarşı…” Başlığı oxuyub keçmək istəyir, amma keçə bilmir. Bir həftə sonra buna bənzər başqa xəbər qarşısına çıxır. Sosial şəbəkələrdə paylaşılır, altında yüzlərlə şərh yazılır: “Ana hara baxırdı?”, “Qız uşağı olan qadın evə yad kişi gətirməz”, “Ərə getmək uşağından vacib idi?”
Bir müddətdən sonra qadın artıq təkcə baş verə biləcək hadisədən qorxmur. Baş verməyəcəyi halda belə, baş verə bilər deyə qorxur.
Bu qorxunu tamamilə əsassız saymaq da düzgün deyil. Uşaqlara qarşı cinsi istismar üzrə aparılmış böyük meta-analizdə ögey atanın olduğu ailə quruluşu risklə əlaqəli amillərdən biri kimi müəyyənləşdirilib. Eyni araşdırma göstərir ki, risk təkcə bununla izah edilmir; ailədaxili zorakılıq, zəif valideyn-övlad münasibəti, əvvəlki zorakılıq təcrübələri, sosial təcrid və başqa amillər də əhəmiyyət daşıyır. Başqa sözlə, “ögey ata = red flag” kimi hökm vermək elmi baxımdan doğru deyil, amma ananın ehtiyatının haradan yarandığını anlamaq mümkündür.
Burada çox incə bir ədalətsizlik də yaranır. Minlərlə kişi həyat yoldaşının əvvəlki nikahından olan uşağını öz balasından ayırmır. Onu məktəbə aparır, xəstələnəndə gecəni başında keçirir, universitetə qəbul olunanda öz övladı kimi sevinir. Bəzən bioloji atanın illərlə etmədiyini ögey ata edir. Ona görə bütün ögey atalara şübhə ilə baxmaq həm yanlış, həm də yaxşı insanlara qarşı haqsızlıqdır.
Amma ananın beyninə bunu başa salmaq həmişə asan deyil. Çünki onun qorxusunun ən ağır tərəfi ehtimalın özündən çox məsuliyyətdir. Qadın düşünür: “Sabah qızıma nəsə olsa, mən özümü necə bağışlayacağam? Axı həmin kişini bu evə mən gətirmişəm.”
Bəlkə qız heç nə deməz? Bəlkə qorxar? Bəlkə “anam mənə inanmaz” deyə susar? Bəlkə kişi əvvəlcə ona həddindən artıq yaxşı davranar, hədiyyə alar, sirr saxlamağı öyrədər? Bu suallar ananın beyninə bir dəfə girəndən sonra oradan asan çıxmır. Üstəlik, uşaqlara qarşı cinsi istismar haqqında araşdırmalar təhlükənin çox vaxt küçədəki tanımadığımız “yad adam” obrazından gəlmədiyini, uşağın və ailənin tanıdığı şəxslərin də törədicilər arasında olduğunu göstərir.
Mətbuatda belə xəbərlərin tez-tez və ən dəhşətli detalları önə çıxarılaraq tirajlanması qadının risk qavrayışını daha da böyüdə bilər. İnsan beyni tez-tez gördüyü və emosional olaraq sarsıldığı hadisəni real həyatda olduğundan daha asan baş verə bilən hadisə kimi hiss edə bilir. Qadın statistik cədvəllə yaşamır. O, gecə telefonda oxuduğu xəbərin təsviri ilə yaşayır. “Birdən mənim də başıma gələr?” sualını özündən uzaqlaşdıra bilmir.
Üstəlik məsələ yalnız cinsi istismar qorxusu deyil.
Qadın başqa şeylər də düşünür. Yeni ər qızını doğrudan qəbul edəcəkmi? Öz uşaqları dünyaya gələndən sonra münasibəti dəyişəcəkmi? “Mənim uşağım, sənin uşağın” söhbəti başlayacaqmı? Qızın yeməyinə, geyiminə, hazırlıq puluna xərclənən vəsaiti bir gün qadının başına qaxacaqmı? “Atası versin də pulunu” deyəcəkmi? Qız yeniyetmə olanda onun geyiminə həddindən artıq qarışacaqmı? Ana ilə qız mübahisə edəndə kişi “sənin qızın məni saymır” deyib qadını seçim qarşısında qoyacaqmı?
Bir də qızın özü var. Ana kişini sevir. Bəs qız sevmirsə?
Qız yeni gələn adama “ata” demək istəmir. Anasının yanında oturanda aralarına girən həmin kişini özünə rəqib kimi görə bilər. “Anam əvvəllər mənim idi, indi bütün vaxtını ona ayırır” düşünə bilər. Kişi də “mən bu evin kişisiyəm” deyib ilk gündən ata səlahiyyəti tələb etməyə başlayarsa, vəziyyət daha da çətinləşir.
“Telefonu ver.”
“Bu saatdan sonra küçəyə çıxmaq yoxdur.”
“Bu paltarı geyinmə.”
“Anan sənə çox üz verib.”
Qızın beynində isə bir cümlə dolaşır: “Sən mənim atam deyilsən”.
Bəzən böyük ailə münaqişəsinin başlanması üçün bundan artıq heç nə lazım olmur.
Ana ortada qalır. Ərinin tərəfini tutsa, qızı “anam məni bir kişiyə dəyişdi” deyə bilər. Qızının tərəfini tutsa, kişi “bu evdə mənim sözüm keçmir” deyə bilər. Qadın bir gün görür ki, xoşbəxt olmaq üçün qurduğu ikinci ailədə hakim, vasitəçi, polis və psixoloq vəzifələrinin hamısını özü yerinə yetirir.
Azərbaycan reallığında bunun üstünə bir də qohum-əqrəba gəlir. Qadın ailə qurmasa, “cavandır, niyə ömrünü tək keçirir?” deyirlər. Ailə qursa, “qız uşağın var, evə yad kişi gətirməyə necə ürəyin gəldi?” deyirlər. Kişi ilə görüşsə, söz edirlər. Evlənsə, yenə söz edirlər. Evlənməsə, bir neçə ildən sonra “indi də gecdir” deyirlər.
Eh, məsələ burasındadır ki, qadın nə etsə də, mütləq onu qınayan tapılır.
Ən ağır yük isə yenə qadının öz vicdanında qalır. O, kişiyə vurula bilər, amma özünü sevgiyə tam buraxa bilmir. Kişinin qızına mehriban davranmasına sevinir, sonra qəfil bundan da qorxur. Qızına hədiyyə alanda xoşuna gəlir, bir tərəfdən də beynindən “niyə bu qədər xüsusi diqqət göstərir?” keçir. Qızla kişinin yaxşı münasibət qurmasını istəyir, amma həddindən artıq yaxınlaşanda daxilində başqa narahatlıq yaranır.
Beləcə qadın bir növ daim keşik çəkir. Bu isə nə qadın üçün sağlam həyatdır, nə qız üçün, nə də həqiqətən yaxşı niyyətlə həmin ailəyə daxil olmuş kişi üçün. Bəs çıxış yolu nədir? Qız uşağı olan qadın bir daha ailə qurmamalıdır? Əlbəttə, yox.
Qadının ana olması onun qadın olmasını ləğv etmir. Övladını qorumaq borcu ilə şəxsi xoşbəxtlik hüququ bir-birinin düşməni olmamalıdır. Sadəcə ikinci nikahda sevginin yanında daha çox səbir və müşahidə tələb olunur.
Kişinin qadına necə davrandığı qədər uşağa sərhəd qoyulanda necə reaksiya verdiyinə baxmaq lazımdır. Uşaq onu qucaqlamaq istəmirsə, bunu normal qəbul edirmi? Qapını döymədən otağına girmirmi? Qızın şəxsi məkanına hörmət edirmi? “Mən artıq sənin atanam” deyib süni yaxınlıq tələb edirmi? Ana evdə olmayanda münasibəti dəyişirmi? Qızın yanında uyğun olmayan zarafatlar edirmi? Uşağın anasına deməməli olduğu “sirrlər” yaratmağa çalışırmı?
Ən vacibi isə qız bilməlidir ki, anasına hər şeyi deyə bilər.
“Bu adam haqqında belə danışma, o bizə yaxşılıq edir” cavabını eşitməyəcək.
“Yəqin sən səhv başa düşmüsən” deyilməyəcək.
“Evimizi dağıtma” yükü onun çiyninə qoyulmayacaq.
Uşaq anasının ona inanacağını bilməlidir.
Eyni zamanda hər narahat baxışdan, hər anlaşılmaz sözdən cinayət ssenarisi qurmaq da ailəni yaşanmaz hala gətirə bilər. Məqsəd qızı bütün kişilərdən qorxan insan kimi böyütmək deyil. Məqsəd ona bədən sərhədlərini, narahat olduğu davranışı tanımağı, “yox” deməyi və nə baş verirsə-versin anasına danışa biləcəyini öyrətməkdir.
Bəlkə də qız uşağı olan boşanmış qadının ikinci dəfə ailə qurarkən yaşadığı əsas faciə budur: o, sadəcə “bu kişini sevirəmmi?” sualına cavab verə bilmir.
O, daha ağır suallar verir:
“Mən ona qızımı etibar edə bilərəmmi?”
“Sabah mən evdə olmayanda da bu adam bu gün gördüyüm adam olacaqmı?”
“Bir gün qızımla həyat yoldaşım arasında seçim etməli olacağammı?”
Və nəhayət:
“Öz xoşbəxtliyim üçün qızımın həyatına risk gətirirəmmi?”
Bu suallar qadının əl-qolunu həqiqətən bağlaya bilər. Amma cəmiyyət də həmin qadını iki tərəfdən sıxmamalıdır. “Niyə ailə qurmursan?” deyib tələsdirmək də, ailə quranda “qız uşağın ola-ola necə ərə getdin?” deyib daşlamaq da asandır.
Çətin olan həmin qadının yerində dayanmaqdır. Axı onun da ailə qurmağa haqqı var. Onun da sevməyə və sevilməyə haqqı var. Onun da axşam uşağı yatandan sonra mətbəxdə bir stəkan çayı bölüşəcəyi, “yoruldum” deyəndə “bilirəm” cavabını eşidəcəyi bir insan istəməyə haqqı var.
Sadəcə qız anası olanda ürək bir nəfərlik qərar vermir. Qadın özünə həyat yoldaşı seçəndə eyni zamanda qızının evinə girəcək kişini də seçir.
Bəlkə buna görə qız uşağı olan bir ananın “yenidən ailə qurmağa qorxuram” deməsi sevgidən imtina etməsi deyil.
Bəzən bu, sadəcə ananın içindəki ən ağır qorxunun dilə gəlməsidir: “Mən səhv seçim etsəm, əvəzini təkcə mən ödəməyəcəyəm“.





