Bir dəfə borc alıb gecikdirmək həmişə böyük problem demək deyil. İnsan həqiqətən çətinliyə düşə, gecikə, sıxıla bilər. Amma sevgili dəfələrlə borc alır, qaytarmır, sonra mövzunu dəyişir, yada salanda əsəbiləşir və ya bəhanə gətirirsə, bu artıq unutqanlıq deyil. Bu, məsuliyyətsizlik, hörmətsizlik və bəzən də daha dərin problemin siqnalıdır. Xüsusilə pul məsələsində təkrar edilən laqeydlik münasibətdə etibarın zəiflədiyini göstərir.
Mərc və qumar asılılığı olan adamların çoxunda borcu qaytarmamaq sadəcə istəməməkdən yox, davamlı batmaqdan yaranır. O, səndən aldığı pulu bir ehtiyac üçün yox, çox vaxt bir boşluğu örtmək üçün xərcləyir. Sonra həmin boşluq yenidən açılır. Bu səbəbdən qaytara bilmir, amma qaytara bilmədiyini də açıq demir. Onun yerinə ya səssiz qalır, ya da mövzunu uzadır. Bir müddət sonra borc pul da münasibətdə normal hala çevrilir.
Belə hallarda qızın özünə verdiyi zərər odur ki, o, məsələni çox yumşaq adlandırır. “Yəqin unudub”, “indi sıxışıb”, “istəməz ki mənim pulumu yemək” deyə düşünür. Amma davranış davam edirsə, artıq insanın niyyətinə yox, nəticəsinə baxmaq lazımdır. Qaytarmayan adam təkcə pulu saxlamır, eyni zamanda sənin etibarını da istifadə edir. O bilir ki, sən münasibətə görə mövzunu çox sərt qaldırmayacaqsan.
Sağlam münasibətdə borc da açıq danışılır, qaytarılmasa da məsuliyyət hiss olunur. Əgər bunların heç biri yoxdursa, burada sadəcə unutqanlıq yoxdur. Orada ya maliyyə xaosu, ya yalan, ya da asılılıq dövrəsi var. Belə anda qızın susması problemi böyüdür. Pul mövzusunda aydın sərhəd qoymaq münasibəti pozmaq deyil, onu gerçək üzlə görməkdir.





