Son illərdə münasibətlərin forması dəyişib. Əvvəllər insanlar bir-birini tanımaq üçün uzun zaman keçirir, bir insanın xarakterini onun davranışlarından anlamağa çalışırdılar. İndi isə bəzən bir neçə gün davam edən yazışma insanlarda illərlə davam edən tanışlıq hissi yaradır. Bir mesajla başlayan söhbət bir neçə həftəyə emosional bağa çevrilə bilir. Xüsusilə sosial şəbəkələrdə tanış olan insanlar arasında belə bir vəziyyət çox yayılıb: gecədən səhərə qədər davam edən söhbətlər, hər səhər göndərilən mesajlar, “sən məni hamıdan yaxşı anlayırsan” cümlələri və qısa müddətdə yaranan güclü bağlılıq.
Amma burada çox vacib bir sual ortaya çıxır: həqiqətən aşiq olan insanla sadəcə öz emosional ehtiyacını qarşılayan insanı necə ayırmaq olar?
Çünki insan bəzən ona göstərilən diqqəti sevgi kimi qəbul edir. Uzun müddət heç kim tərəfindən dinlənilməyən, dəyər görməyən və ya özünü tənha hiss edən biri üçün qarşı tərəfin marağı çox güclü təsir yarada bilər. Birinin gün ərzində “necəsən?”, “özünü necə hiss edirsən?”, “yorulmusan?” kimi suallar verməsi insanda xüsusi bir hiss yaradır. İnsan düşünür ki, “məni nəhayət anlayan biri qarşıma çıxdı”.
Əslində isə bəzən bizi bağlayan şey qarşı tərəfin özü yox, onun bizdə yaratdığı hiss olur.
Məsələn, Azərbaycanda çox rast gəlinən bir vəziyyəti düşünək. Bir qadın illərlə ailəsinə, işinə, övladlarına və gündəlik qayğılara vaxt ayırır. Həyat yoldaşı ilə münasibəti əvvəlki kimi deyil. Evdə hər şey var, amma bir şey çatmır: diqqət. Heç kim onun necə olduğunu soruşmur, heç kim onun yorğunluğunu görmür. Sonra sosial şəbəkədə biri ilə tanış olur. Həmin insan hər gün yazır, onu dinləyir, fikirlərini soruşur.
Qadın bir müddət sonra belə düşünür: “Bu insan məni hamıdan yaxşı tanıyır”.
Amma burada çoxlarının görmədiyi bir məqam var. Həmin insan onu həqiqətən tanıyırmı, yoxsa sadəcə onun özünə göstərmək istədiyi tərəfini görür?
Çünki insanın gündəlik həyatı ilə virtual həyatı arasında böyük fərq olur. Sosial şəbəkədə heç kim ilk gündən öz zəif tərəflərini göstərmir. Heç kim “mən çətin vaxtda məsuliyyətdən qaçıram”, “mən problemlərimi həll etmək əvəzinə başqalarına yükləyirəm” demir. İnsanlar adətən özlərinin ən yaxşı tərəflərini göstərirlər.
Bir kişi sizə hər gecə “səni düşünürəm” yaza bilər. Sizin sevdiyiniz şeyləri yadda saxlaya bilər. Sizinlə uzun söhbətlər edə bilər. Amma bu hələ onun həyatınızda doğru insan olduğu anlamına gəlmir.
Çünki sevgi yalnız hiss deyil. Sevgi davranışdır.
İnsanın sizi sevdiyini anlamaq üçün onun sizə nə qədər gözəl sözlər dediyinə yox, real həyatda sizin üçün nə etdiyinə baxmaq lazımdır.
Bəzən insanlar münasibətin ən rahat hissəsini sevirlər. Danışmağı, romantik mesajları, qarşı tərəfdən gələn diqqəti sevirlər. Amma münasibət məsuliyyət tələb etdiyi anda geri çəkilirlər.
Belə insanlar gələcək haqqında çox danışa bilirlər. “Bir gün birlikdə olacağıq”, “səninlə başqa həyat qurmaq istəyirəm”, “sən mənim üçün fərqlisən” kimi cümlələr qururlar. Amma həmin gələcək üçün bu gün heç bir addım atmırlar.
Əsil problem də burada başlayır. Çünki insan sözlərlə çox böyük bir dünya qura bilər. Amma həyat həmişə sözlərlə yox, seçimlərlə ölçülür. Bəzən bir insanın sevgisi yox, qorxuları danışır. O, sizi itirmək istəmir, amma sizin üçün dəyişmək də istəmir. Sizin həyatında olmağınızı istəyir, çünki siz ona rahatlıq verirsiniz. Amma sizin ehtiyac duyduğunuz münasibəti qurmağa hazır olmur.
Bu vəziyyətdə qarşı tərəf çox vaxt özünü belə müdafiə edir: “Mən onu sevirəm, sadəcə hazır deyiləm”. Amma insan burada özünə dürüst sual verməlidir: sevgi daim “hazır deyiləm” sözünün arxasında qala bilərmi?
Əlbəttə, həyatda çətinliklər olur. Hər insanın qorxuları, problemləri və keçmiş yaraları var. Amma bir insanın keçmişdə yaşadıqları onun bu gün başqa bir insanın həyatını qeyri-müəyyənlik içində saxlamasına səbəb olmamalıdır.
Münasibətlərdə başqa bir təhlükəli məqam da “sadəcə danışırıq” adı ilə başlayan yaxınlıqlardır. Çox vaxt xəyanət bir anda baş vermir. Heç kim səhər oyanıb “bu gün xəyanət edəcəyəm” deyə qərar vermir. Proses daha sakit başlayır. Bir mesajla. Bir sirrlə. Bir insanın bilməsini istəmədiyin söhbətlə.
Məsələn, bir qadın rəfiqəsinə öz münasibətində yaşadığı problemlərdən danışır. Rəfiqəsi onu dinləyir, dəstək olur. Sonra həmin söhbətlər artır. Əvvəl məqsəd kömək etmək olur, sonra isə emosional bağlılıq yaranır. İnsan özünə “burada pis heç nə yoxdur” deyir.
Amma əgər bir münasibəti gizlətmək ehtiyacı yaranıbsa, orada artıq sərhədlər pozulmağa başlayıb.
İnsan özünü aldatmaqda çox bacarıqlıdır. Öz davranışına haqq qazandırmaq üçün müxtəlif səbəblər tapa bilir. “Onsuz da münasibətləri pis idi”, “sadəcə danışırıq”, “mən heç nə etməmişəm”.
Amma insanın xarakteri məhz heç kim görməyəndə etdiyi seçimlərlə ortaya çıxır. Bu mövzuda kişilərə də, qadınlara da aid bir həqiqət var: bəzən insanlar sevgi axtarmırlar, təsdiq axtarırlar. Onlar kiminsə onları seçməsini, istəməsini, vacib hesab etməsini istəyirlər. Bu ehtiyac çox güclü olanda isə qarşılarına çıxan ilk diqqəti böyük sevgi kimi qəbul edə bilirlər. Amma sağlam münasibətdə insan daim öz dəyərini sübut etməyə çalışmır. Orada güvən olur. Aydınlıq olur. Qarşılıqlı hörmət olur.
Əgər bir insan sizə həqiqətən dəyər verirsə, bunu yalnız sözlə göstərməz. O, həyatında sizə yer açar. Sizi gizli saxlamaz. Sizi daim gözləmə vəziyyətində qoymaz. Sizə “bir gün” vədləri yox, bu gün üçün real davranışlar göstərər.
Bəzən özümüzə ən çətin sualı verməliyik:
“Mən bu insanı sevirəm, yoxsa onun mənə yaşatdığı hissi?”
Çünki bu iki şey çox fərqlidir.
Bəzən biz insanın özünə yox, onun yaratdığı obraza bağlanırıq. Onun yazdığı mesajlara, verdiyi vədlərə, gələcək haqqında qurduğu xəyallara inanırıq. Amma münasibətin həqiqəti insanın sözlərində yox, zaman keçdikcə dəyişməyən davranışlarında görünür. Sizə “aşiqəm” deyən çox insan ola bilər. Amma həqiqətən sevən insan bunu sübut etmək üçün böyük cümlələr axtarmır.
O, sadəcə həyatında düzgün insan olmağa çalışır. Çünki sevgi insanın dilində başlayan, amma davranışında sübut olunan bir şeydir.





