
1999-cu il yanvarın 21-də İsveçrənin Konolfingen şəhərində doğulan Alişa Lehmann hazırda qadın futbolunun ən məşhur simalarından biridir. Boyu 1,65 metr olan Lehmann hücumçu mövqeyində çıxış edir və həm İngiltərənin “Aston Villa” klubunda, həm də İsveçrə yığmasında əsas oyunçudur.
Futbol karyerasına erkən başlayan Lehmannın istedadı hələ 12 yaşında doğma şəhərinin klubu FC Konolfingen tərəfindən kəşf olunub. Daha sonra o, BSC Young Boys-un qadın komandasına dəvət alıb və artıq 16 yaşında Milli Liqa A səviyyəsində debüt edib. Bern təmsilçisinin heyətində 59 oyunda 30 qol vuran hücumçu, potensialını göstərərək Avropanın diqqətini üzərinə çəkib. 2018-ci ildə 19 yaşında ikən İngiltərə Premyer Liqasının “West Ham United” klubuna transfer olunub. Burada 42 oyunda 9 qol vursa da, inkişafı müəyyən qədər dayanıb və qısa müddətlik “Everton”-a icarəyə göndərilib. Ardınca isə o, İngiltərədə qalaraq “Aston Villa”ya keçib və hazırda bu klubda çıxış edir.
Milli komandada da önəmli rol oynayan Lehmann, İsveçrə yığmasının heyətində 35 oyunda 6 qol vurub. O, 18 yaşında yığmada debüt edib və Avropa çempionatının seçmə mərhələlərində mühüm oyunlarda iştirak edib. Şəxsi səbəblərdən müəyyən dövrdə yığmadan uzaqlaşsa da, daha sonra yeni baş məşqçi onu yenidən komandaya qaytarıb və Lehmannın 2023 Dünya Çempionatında iştirak edəcəyi gözlənilir.
Futbolçu karyerası ilə yanaşı, Alişa Lehmann sosial şəbəkələrdə böyük populyarlığa malikdir. Onun gəlirinin əsas hissəsi də məhz sosial media fəaliyyətindən formalaşır. İllik təxminən 160 min funt sterlinq dəyərində müqaviləsi olsa da, onun ümumi varidatının 500 min funt civarında olduğu bildirilir.
Şəxsi həyatı da tez-tez media diqqətində olan Lehmann əvvəllər həm klub yoldaşı Ramona Bachmann ilə münasibətdə olub və açıq şəkildə biseksual olduğunu bəyan edib. Daha sonra braziliyalı futbolçu Douglas Luiz ilə sevgili olub, lakin bu münasibət 2022-ci ildə başa çatıb. Hazırda isə Alişa Lehmann rəsmi olaraq subaydır.