
Beynəlxalq tədqiqatlara əsasən, kişilərin 4,2%-i problemli qumarbaz kimi qeyd edilir, qadınlarda isə bu göstərici 2,9%-dir. Azərbaycanda da vəziyyət oxşardır — kazinoların qarşısında gözləyən ailələrin əksəriyyəti qadın və uşaqlardan ibarətdir.
Kişilərin qumarbazlığa meyilliyinin arxasında ilk növbədə biologiya dayanır. Testosteron hormonu təbii olaraq risk götürmə davranışını artırır. Bu, təkamül prosesində yaranmış xüsusiyyətdir — ovçu və qoruyucu rolunda olan kişilər riski «fürsət» kimi qavrayırdılar. İndi isə bu instinkt onları kazino masalarına aparır.
Beynin struktur fərqləri də rol oynayır. Dopamin reseptorlarının işləmə mexanizmi kişilərdə başqa cürdür. Qazanc anında yaşanan «uduş həzzi»nə və bu həzzin verdiyi dopamin hormonuna həddən artıq asılılıq yaranır.
Cəmiyyətin təsiri
«Kişi risk götürməlidir», «kişilər ailənin yükünü çəkməlidirlər», «az pulun varsa, xoşbəxt deyilsən», «qadınlar yalnız pullu kişiləri sevir, «maddi təminat kişinin borcudur» — kimi stereotiplər və düşüncələr aşılayan cəmiyyətin kişilər üzərində təsiri hələ onlar gənc yaşlarında olandan başlayır. Çünki, kişilər maliyyə məsuliyyətinin ağırlığını tam hiss edirlər və «tez zəngin olmaq» yollarını axtarırlar. Qumarbazlıq da bu arzularına cavab kimi görünür.
Onlayn mərc statistikaları da düşündürücüdür: kişilərin 25%-i, qadınların isə yalnız 17%-i internet vasitəsilə mərc edir. Bu, texnologiyaya meyllə yanaşı, sosial təzyiqin də nəticəsidir.
Fərqli motivasiyalar
Maraqlıdır ki, qadınlar da qumar oynayırlar, amma motivasiyaları fərqlidir. Onlar əsasən stress, depressiya və ya yalnızlıqla mübarizə üçün oynayırlar. Kişilər isə həyəcan, adrenalin və qazanc ehtirası ilə casino masalarına yaxınlaşırlar.
Nümunə: Elçin və ailəsi (ad şərtidir)
35 yaşlı Elçin üç il əvvəl internetdə futbol mərcləri ilə tanış oldu. Bu işə «kiçik məbləğlərlə, sadəcə maraqlı olsun deyə» başladı. İki il içində evini, maşının, hətta övladının hazırlığı üçün yığdığı pulların hamısını itirdi əlavə olaraq banklardan kredit götürdü.
«Mən ailənin dirəyi idim, hamı məndən gözləyirdi ki, problem həll edim. Mərc etdikdə özümü güclü hiss edirdim. Sanki nəyisə idarə edirdim. Uduzanda isə bu mənə çox pis təsir edirdi, uduzduqlarımı geri qaytarmaq üçün daha çox mərc edirdim…» — Elçinin bu sözləri bəlkə də minlərlə kişinin daxili dünyasını əks etdirir. İndi Elçin reabilitasiya mərkəzində müalicə alır. Həyat yoldaşı gecə-gündüz işləyir, kredit borclarını ödəyir.
Nəticə
Qumarbazlıq gender məsələsi deyil, ictimai sağlamlıq problemidir. Lakin kişilərin bu sahədə daha həssas olduğunu bilərək, ailələr və cəmiyyət daha diqqətli olmalıdır.
Oğullarınıza, ərlərinizə və qardaşlarınıza «risk götürməyi» həvalə edərkən, ağıllı risk götürməyi də aşılamaq lazımdır. «Hardan olursa olsun, pul tap», «Kişi daşdan da pul çıxarar» kimi sözlərlə kişilər üzərindəki maliyyə təzyiqini artırmaq olmaz. Bunun əvəzində onlara sağlam məşğuliyyət təklif etmək və ən əsası — kasıb düşmək qorxusunu aradan qaldıracaq sosial təhlükəsizlik mühiti yaratmaq lazımdır.
Qumarbazlıq xəstəlikdir və müalicə edilir. Tövsiyə edirik ki, heç vaxt ifrat dərəcədə bu işə aludə olmayın. Bunu heç mərc şirkətləri də istəmir. Onlar da insanalrın bu ifrat aludəçilikdən xilas olamsı üçün müxtəlif yollar təklif edirlər. Amma ən yaxşı müalicə profilaktikadır.