Penalti kənardan baxanda sadə görünür: top, qapıçı və bir zərbə. Amma əslində futbolçunun üzərində çox böyük psixoloji təzyiq yaranır. Çünki həmin anda hamının gözü yalnız onun üzərində olur. Oyunun bütün məsuliyyəti bir neçə saniyəlik qərara bağlanır. Futbolçu bilir ki, vurarsa qəhrəman olacaq, qaçırarsa tənqid ediləcək. Məhz bu düşüncə onun özünəinamını sarsıda bilər. Beyin həmin anda təbii oyundakı kimi sərbəst işləmir, artıq həddindən artıq düşünməyə başlayır: topu hara vurum, qapıçı hara atılacaq, səhv etsəm nə olacaq? Bu artıq texniki yox, zehni yükə çevrilir. İnsan çox düşündükcə bədəni də sərtləşir, ayağın təbii hərəkəti pozulur və qərarvermə gecikir.
Burada “soyuqqanlılıq effekti” çox vacib rol oynayır. Soyuqqanlı futbolçu penaltini emosional an kimi yox, texniki tapşırıq kimi görür. O, tribunaları, hesabı, təzyiqi bir anlıq beynindən kənarlaşdırıb yalnız zərbənin icrasına fokuslana bilir. Belə oyunçular ürək döyüntüsü artsa da, daxilən panikaya düşmür və bədənin gərginləşməsinə imkan vermirlər. Soyuqqanlılıq effekti dedikdə məhz bu nəzərdə tutulur: təzyiq altında hisslərin yox, nəzarətin üstün gəlməsi. Özünəinamını itirən futbolçu isə penaltini vurmazdan əvvəl nəticəni düşünür, soyuqqanlı qalan futbolçu isə prosesi düşünür. Fərq də məhz burada yaranır. Ona görə penaltilərdə məsələ yalnız texnika deyil, həm də o bir neçə saniyədə beynin nə qədər sakit qala bilməsidir.





